Lider TV

Xocalıda şəhid olan 63 uşağın xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirildi


“Xocalıya ədalət!” Beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu rayon icra hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa etdi. Sonra Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və müharibə” mövzusunda çıxış etdilər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkdilər. Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan uşaqlarının ıv ümumrespublika forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar da qoşulub.




19:00 / 26.02.2018     Çap et  Çap et