Lider TV

Xalq artisti Arif Babayevin 80 illik yubileyidir


Bu gün xalq artisti, xanəndə Arif Babayevin 80 illik yubileyidir. Xalq artisti musiqi xəzinəmizə verdiyi töhvələrə görə bir sıra mükafatlara laiq görülüb. Böyük məktəb yarandan xanəndə, ötən gün ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib. Arif Babayev 1938-ci ilin bu günü Ağdam şəhərinin Sarıhacılı kəndində anadan olub. O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetində təhsil alıb. Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Seygah” muğamını arif babayev təkrarolunmaz bir üslubda ifa edib. Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib kimi yaddaqalan obrazlar yaradıb. Xanəndə təsnif və xalq mahnılarının ifaçısı kimi daha çox sevilir, onları böyük ustalıqla xalqa çatdırır. Azərbaycan mədəniyyətinə verdiyi töhvələrə görə istiqlal ordeni ilə də təltif olunub. Xalq artistinin yubiley mərasimi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində böyük təntənə ilə qeyd edilib. Bildirilib ki, xalq artistinin yaradıcılğı mədəniyyətimiz üçün böyük irs hesab olunur. Böyük yaradıcılıq yoluna malik olan xalq artistinə bizdə uzun ömür və yaradıcılıq uğurları arzu edirik.

Günel Səfərli




19:00 / 20.02.2018     Çap et  Çap et