Lider TV

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib


Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu qəbul edib. Xanım Mersi Tembon Azərbaycanda iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, həyata keçirilmiş uğurlu islahatlar münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırıb. Xanım Mersi Tembon bütün bu müsbət proseslərdə təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycanda əldə olunan bu nailiyyətlərdən insanların faydalandığının şahidi olduqlarını deyib və qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin edilməsi və iqtisadi inkişafın əldə olunması əhalinin rifah halını yaxşılaşdırır. Dövlət başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlət başçısı qeyd etib ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirib.




19:00 / 06.02.2018     Çap et  Çap et