Lider TV

Qubada itlər güllələnir…


Maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi adamların heyvanlara qarşı qəddar münasibəti davam edir. Bu dəfə Qubada naməlum silahlı şəxslər itləri güllələyiblər. Bu haqda biz isə itlərdən birinin sahibinin və heyvanların müdafiəsi üzrə təşkilatın nümayəndəsi Fərid Mansurovun «Lider» televiziyasına müraciətindən xəbər tutmuşuq. Müraciətdə Quba sakini Samir Talıbova məxsus itin nəmalum şəxs və ya səxslər tərəfindən öldürüldüyü bildirilib. Samirin dediyinə görə, yanvarın 14-də iti ilə birgə Qubanın mərkəzindəki marketlərdən birinə gedib. O, marketdən alış-veriş edib çölə çıxan zama iti görməyib. Bir gün sonra isə həmin ərazidə itinin güllələndiyi xəbərini eşidib. Samir bildirir ki, onun itinin yanında odlu silahla vurularaq oldürülən daha iki itin cəsədi olub. O, öz itinin cəsidini aparıb basdırıb, digərlərinə nə edildiyindən xəbəri yoxdur. Hadisə ilə bağlı isə Samir və heyvanların müdafiəsi üzrə təşkilatın nümayəndəsi Fərid Mansurov Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət ediblər. Samirlə yanaşı, ölkəmizdə heyvanların müdafiəsi üzrə fəaliyyət göstərən təşkilatların istəyi odur ki, günahkarlar tapılsın və onlara qarşı lazımi tədbirlər görülsün. Çünki Samirin iti insanlar və ətraf aləm üçün təhlükə törədəcək vəziyyətdə olmayıb. Fərid Mansurovun sözlərinə görə, Quba şəhərində itlərin odlu silahla öldürülməsi ilk hadisə deyil. Son vaxtlar isə bu, kütləvi hal alıb. Məlumat üçün bir daha bildirək ki, ölkəmizdə sahibsiz, yaralı, şikəst və xəstə itlər üçün xüsusi sığınacaqlar yaradılıb. Həmin yerlərdə heyvanların müalicəsi ilə yanaşı, axtalanma və qısırlaşdırma işləri aparılır ki, bu da onları ətraf aləm üçün tamamilə təhlükəsiz edir. Ona görə də itləri öldürmək əvəzinə onları bu cür sığınacaqlara təhvil vermək olar. Bunula canlılara mərhəmət göstərmiş olarıq.

Yusif Mahmudov




19:00 / 22.01.2018     Çap et  Çap et