Lider TV

Mədəni və sivilizasiya müstəvisindən təhlükəsizlik müstəvisinə


NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı general Kertis Skaparrotti Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Valeriy Gerasimov ilə görüşəcək. Bu barədə "Bazzfid" portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb. Gözlənildiyi kimi, bu dəfə də görüş yeri kimi Bakı seçilib. Gerasimovla Skaparotti təması sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO Birləşmiş Silahlı Qüvvələri rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq. Görüş yeri kimi Bakının seçilməsinə gəlincə, bu uğurlu təcrübə artıq 1 ildir ki, mövcuddur. Ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun görüşü də Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO hərbi komitəsinin rəhbəri Petr Pavel ilə bir araya gəlib. Supergüclərin məhz Bakıda bir araya gəlməsini şərh edən analitiklər diqqəti keçmiş Sovetlər məkanında çox maraqlı vəziyyətin yaranmasına - yəni geosiyasi və hərbi müstəvidə kəskin polyarlaşmanın getməsinə yönəldirlər. Yəni, hərbi - siyasi baxımdan neytrallıq və bloklara qoşulmamaq siyasəti yürütməsi indiki mürəkəb geoasiyasi vəziyyətdə Azərbaycanın üstünlüyüdür. Supergüclərin görüş yeri kimi Azərbaycan paytaxtını seçməsi Bakının “Şərqin isveçrəsi” statusunu bir qədər də möhkəmləndirir. Və ölkəmizin strateji önəmini daha da artırır.




21:00 / 08.01.2018     Çap et  Çap et