Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilən elmi konfrans keçirilib. İncəsənət xadimləri dahi sənatkarın həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər. Tofiq Quliyevin ittifaqdakı fəaliyyəti, yazdığı mahnılar, bəstələdiyi kino musiqiləri və simfonik əsərləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Şöhrət” və “İstiqlal” ordenli dahi şəxsiyyət Azərbaycan bəstəkarlıq sənətində böyük məktəb yaradıb. Layiqli davamçilar yetişdirib. O həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik olub. Bunu, Tofiq Quliyevin ittifaqdakı rəhbərliyi də sübut edib. Konfransa bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yekun vurulub.