Lider TV

Ankara rəsmi Bağdaddan çağırış gözləyir


İraq Kürd Muxtariyyətinda keçirilən refrendumunla bağlı qalmqal davam edir. İraqın Nazirlər Kabineti muxtariyyət rəhbərliyindən bölgədəki sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib. Rəsmi Ankara isə İraq hökumətinin müvafiq çağırış edəcəyi təqdirdə onu dəstəkləyəcəyini açıqlayıb. Ankara İraqın Kürd Muxtariyyətinda keçirilən müstəqillik referendumundan sonra Bağdadın müvafiq sorğusu əsasında bu ölkənin ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazırdır. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Biz İraqın ərazi bütövlüyünü təkcə sözdə dəstəkləmirik. Əgər İraq hökuməti Ankaraya müvafiq çağırış edərsə, biz qonşu ölkənin bütövlüyünün qorunmasına dair səyləri dəstəkləyəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.
Türkiyə ordusunun İraqda əməliyyat keçirməsinin mümkünlüyünü şərh edən nazir qeyd edib ki, Ankara İraq hökumətinin müvafiq müraciəti əsasında addımlar atmaq niyyətindədir: “Əgər Bağdad Ankaraya çağırış edərsə, biz beynəlxalq normalara əsaslanan hüququmuzdan yararlanacağıq. Ankara üçün əsas olan İraqın mərkəzi hakimiyyətinin mövqeyidir”, - deyə Çavuşoğlu vurğulayıb. Çavuşoğlu əlavə edib ki, İraqdakı etnik türkmənlərə qarşı yarana biləcək təhlükə Ankara tərəfindən hərbi əməliyyat üçün səbəb kimi qiymətləndiriləcək. Mövlud Çavuşoğlu, Türkiyənin xarici ölkələri İraqın kürd muxtariyyatında keçirilən müstəqillik referendumunun nəticələrini tanımağın yolverilməz olması barədə xəbərdar etdiyini qeyd edib. Digər tərəfdən isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert deyib ki, Türkiyənin İraqın ərazi bütövlüyünün qorunmasına dəstək verməyə hazır olması barədə bəyanatı hədə kimi qəbul edilir.
İraq hökuməti isə kürd muxtariyyatından üç gün ərzində bölgədəki hava limanları üzərində nəzarəti rəsmi Bağdada verməyəcəyi təqdirdə, regionla hava əlaqəsinə qadağa qoyacağını bəyan edib. Bu barədə İraqın Nazirlər Kabinetinin bəyanatında deyilir. Qeyd edək ki, bundan əvvəl İraqın Nazirlər Kabineti muxtariyyat rəhbərliyindən bölgədəki sərhəd-buraxılış məntəqələri üzərində nəzarəti rəsmi Bağdada verməyi, xarici ölkələrdən isə muxtar bölgə ilə neft sahəsində əməkdaşlığa son qoymağı tələb edib. İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın baş naziri Heydər Əl Abadini “Qapılar”ı dialoq üçün bağlamamağa çağırıb. Bunu bərzani telemüraciətində bildirib. Kürd muxtariyyətinin rəhbəri qonşu dövlətlərə müraciət edərək, bölgənin regionda sabitlik və təhlükəsizlik faktoru olduğunu qeyd edib. “Bizim Bağdadla siyasi fikir ayrılığımız ərəb qardaşlarımızla münasibətlərimizə təsir etməyəcək”, deyə Bərzani qeyd edib.




11:00 / 27.09.2017     Çap et  Çap et