Lider TV

Qəbələ musiqi festivalı davam edir


Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü də gözəl konsert proqramlarıı ilə yadda qalıb. Konsertlər həm kamera musiqi zalında, həm də açıq havada qurulan səhnədə gerçəkləşir.
Bu dəfə kamera musiqisi zalında təqdim edilən konsertdə Bakı Musiqi Akademiyasının müəllimi Fəqan Həsənli, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrin üzvü, prezident təqaüdçüsü Məmməd Rəcəbli, “Sarı gəlin tələbə mahnı festivalı”nın qran-pri mükafatçısı Aydan Quliyeva, beynəlxalq müsabiqələrin laureatı, Heydər Əliyev Fondunun xüsusi mükafatına layiq görülən Taleh Yəhyayevin ifaları alqışlarla qarşılandı. Konsertdə Ravelin “Gecə kəpənəkləri”, “Qəmgin quşlar”, Prokofyevin “Aldanma”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, Elza İbrahimovanın “Ey vətən” və digər sevilən əsərlər səsləndirildi. Gənc musiqiçilərimiz bu festivalı musiqi bayramı kimi qiymətləndirirlər. Festivalın izləyiciləri arasında çoxlu sayda turistləri də görmək olar. Fransadan gələn qonaqlar gənc musiqiçilərimizin ifasına valeh olduqlarını gizlətmədilər. Axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku chamber orchestra” kamera orkestrinin konserti oldu. Orkestri əməkdar incəsənət xadimi, prezident təqaüdçüsü, dirijor Fuad İbrahimov müşayiət etdi.
“Baku chamber orchestra”nın çıxışı yerli və xarici tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Sonra konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xanəndə Arzu Əliyevanın çıxışı oldu. Onu əməkdar artist Etibar Qasımbəyli, gənc musiqiçi Nicat Məsimov müşayiət etdi. Musiqi gecəsində Azərbaycanın xalq mahnıları “Gəl bizə”, “Sarı gəlin”, “Qaragilə” ifa olundu. Sonda Azərbaycanın xalq rəqsi “Uzundərə” təqdim edildi. Festival çərçivəsində bölgələrdə səyyar konsertlər də keçirilir. Qax, Şəki rayonlarından sonra bu gün İsmayıllı rayonunda konsert proqramı təqdim olucaq.

Əli Səmədov




13:00 / 01.08.2017     Çap et  Çap et