Lider TV

Düşmənin atəşə tutduğu kəndlərdə həyat öz axarı ilə davam edir


Son günlər cəbhədə vəziyyətin gərginləşməsi təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinlərdən də yan keçməyib. Tovuzun düşmənlə ən yaxın məsafədə yerləşən kəndlərindən olan Qaralar kəndində erməni təxribatları nəticəsində bir neçə evə ciddi ziyan dəyib, kəndlilərin təsərrüfat işlərində ləngimələr yaranıb. Tovuzun düşmənlə üzbəüz yerləşən Qaralar kəndi son günlər ermənilər tərəfindən intensiv atəşə məruz qalıb. Düşmən iyulun 29-u gündüz saatlarından yaşayış məntəqəsinə iri çaplı silahlardan atəş açmağa başlayıb. Ordumuz dərhal işğalçı ölkənin hərbiçilərinə cavab versə də, təxribat ayın 30-u axşam saatlarına qədər davam edib. Kənd sakinləri deyir ki, düşmən əsasən mülki şəxsləri və evləri hədəfə alıb. Bu səbəbdən də kəndlilər təsərrüfat işlərini görməkdə çətinlik çəkiblər. Atışma zamanı düşmən postuna ən yaxın məsafədə yerləşən evlərdən 3-nə düşən mərmilər dam örtüklərinə və divarlara ciddi ziyan vurub. Həmin evlərin erməni silahlı qüvvələrinin mövqeləri ilə məsafəsi təxminən 1200 metrdir. Sakinlər deyir ki, bu ilk belə hal deyil. Ermənilər vaxtaşırı kəndi atəşə tutur. Buna baxmayaraq onlar bədnam qonşulardan qorxmur, səngərdə keşik çəkən əsərlərimizə, ordumuza güvənirlər. Hazırda kənddə nisbi sakitlikdir. Qaralar kəndində 43 evdə 242 nəfər şəxs yaşayır. Kənd, ermənistanın berd rayonu ilə sərhəddə yerləşir. Bütün bu olanlara rəğmən Qaralar kəndində həyat öz axarı ilə davam edir.

Nəzakət Ağayeva




19:00 / 31.07.2017     Çap et  Çap et