Lider TV

Ağdamın işğalından 24 il ötür


Ağdamın ermənilər tərəfindən işğalından 24 il ötür. 1993-cü ilin 23 iyulunda baş verən işğal nəticəsində rayonun 77,4 faizi düşmən nəzarətinə keçib. Bu ərazidə yaşayan 100 mindən artıq insan öz ev- eşiyindən didərgin düşüb, onların illərlə qurub-yaratdıqları, həmçinin dövlətə məxsus milyardlarla əmlakı erməni vandalları talan edib. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə isə 5 min nəfərədək soydaşımız şəhid olub. Ağdam rayonunun 1 şəhər 124 kəndindən 1 şəhər, 80 kənd, 38 kolxoz-sovxozundan 26-sı, 129 səhiyyə obyektindən 105-i, 108 məktəb binasından 74-ü, 271 mədəniyyət evi-klubundan 199-u, 24 tikinti təşkilatının hamısı, 67 idarə- müəssisənin 67-i də, 16 sənaye müəssisəsinin 16-ı da, 17 məscidin 14-ü işğal zamanı yağmalanıb. Köçkün əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərinin tapşırığı ilə xeyli işlər görülüb. Bu gün rayonun 8 min hektaradək ərazisi qoşunların təmas xəttinə yaxın yerləşir. Həmin torpaqları güllə altında əkib-becərmək çox çətindir. Buna rəğmən sakinlər dövlət dəstəyi nəticəsində bu sahələri boş qoymur. Ağdamlılar hələ də erməni təcavüzünün acısını çəkir. Dövlətin hər cür qayğısı ilə əhatə olunsalar da, dərdlərinə məlhəm yalnız işğaldakı torpaqların tam azad olunmasıdır. Habil Aslanoğlu




13:00 / 22.07.2017     Çap et  Çap et