Lider TV

Prezident İlham Əliyevin ABŞ Dövlət Katibi Reks Tillersonla görüşü oldu


Prezident İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirdi, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verdi. Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışdı. Reks Tillerson qeyd etdi ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək. Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş etdi. Dövlətimizin başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə «Cənub Qaz Dəhlizi» layihəsinə dəstəyi kimi dəyərləndirdi. ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirdi. Söhbət zamanı, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi.




19:00 / 10.07.2017     Çap et  Çap et