Lider TV

«Metsamor AES»-in mütəxssisi həyəcan təbili çalır


Metsamor atom elektrik stansiyasının Ermənistanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu stansiyanın mütəxəssisi də etiraf edib. Erməni mətbuatında dərc edilən «Külək əsdirsən, fırtınada boğularsan» başlıqlı məqalədə erməni mütəxəssis ölkəsinin region üçün fəlakət mənbəyi olan stansiyadan qeyri-peşəkar şəkildə istifadə etdiyini təsdiqləyib. Erməni mütəxəssis yazır ki, son zamanlar erməni kütləvi informasiya vasitələrində tez-tez Azərbaycanın infrastruktur obyektlərinə məhvedici zərbənin endirilməsi ilə bağlı əsassız fikirlər səsləndirilir. Halbuki qarşı tərəf, yəni Azərbaycanın da belə hədələrə və hərəkətlərə cavab verəcəyi dəqiqdir. «Yaddan çıxarmayaq ki, düşmən ordusunun sərəncamında da məhvetmə qabiliyyətinə malik müasir tipli silah və sistemlər var və onların köməyi ilə qarşı tərəf ermənistan ərazisindəki obyektlərə, həmçinin “Metsamor” atom elektrik stansiyasına zərbələr endirə bilər», - deyə stansiyanın mütəxəssisi yazır. Onun fikrincə, köhnəlmiş atom bloklarının istismarı ətraf mühit üçün kifayət qədər risklidir. Əgər stansiyada qəza baş verərsə, bunun fəsadları daha ağır ola bilər. «Hazırkı dövrdə biz Çernobl qəzasına bənzər fəlakətin təkrar olunacağından tamamilə sığortalanmamışıq. Metsamorun ölkəmizdə olması artıq müəyyən zəhərlənmə riski və təhdidi yaradır. Məsələn, Azərbaycanın təkcə “Metsamor”u vurması, nəticəsi bəlli olmayan qlobal qəzaya gətirib çıxara bilər. 1986-cı ildə Çernobılda nələr baş verdiyini unutmağa haqqımız yoxdur», deyə mütəxəssis xəbərdarlıq edir. Onun bildirdiyinə görə, baş verə biləcək qəza zamanı 4 minə yaxın insan tamamilə məhv ola bilər. Odur ki, erməni mütəxəssis hakim dairələrə hər hansı bir addımın atılmasını planlaşdırmazdan əvvəl mümkün nəticələri, xüsusilə də qarşı tərəfin cavab tədbirlərini dərindən düşünməyi tövsiyə edir. Onun fikrincə, külək əsdirən mütləq fırtınada boğulacaq.




19:00 / 06.06.2017     Çap et  Çap et