Lider TV

IV İslam Həmrəyliyi Oyunları xarici KİV- lərdə geniş işıqlandırılıb


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları xarici kütləvi informasiya vasitələrində də geniş işıqlandırılır. Türkiyə, Rusiya, Ukrayna, Çin mətbuatı beynəlxalq tədbir barədə hərtərəfli məlumatlar yerləşdirirlər.
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumatlar yayır.
Məlumatlarda Azərbaycanın Birinci vitse-prezidenti, oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin oyunların açılış mərasimindəki çıxışlarında səslənən mühüm çağırışlara yer ayrılıb. Bundan başqa, yazılarda peşəkar təşkilatçılıq işlərindən, idmançılara və azarkeşlərə göstərilən qonaqpərvərlikdən bəhs olunur.
«Anadolu» agentliyi mayın 11-12-də mövzu ilə bağlı 20-dən artıq operativ məlumat yayıb. IV İslam Həmrəyliyi Oyunları mövzusu agentliyin türk dünyası xəbərləri blokunda əsas və davamlı informasiya mənbəyi olaraq qorunmaqdadır. Qardaş ölkə mediası böyük idman yarışının peşəkarlıqla təşkilini Azərbaycanın növbəti uğuru kimi dəyərləndirir. Paytaxt Bakının ev sahibliyi etdiyi dördüncü İslam Həmrəyliyi Oyunları Rusiya mətbuatında da geniş işıqlandırılır. «Ria. ru» xəbər saytı öz səhifəsində beynəlxalq idman tədbirinə hazırlıq işləri, habelə oyunların gündəliyində nəzərdə tutulmuş tədbirlər haqqında hərtərəfli məlumatlar yerləşdirib. Bu ilki yarışların İslam oyunları tarixində ən iri miqyaslı tədbir olduğunu açıqlayıb. Belə ki, bu il oyunlara rekord sayda idmançı qatılıb. 50-dən çox ölkədə milyarddan çox tamaşaçı oyunları canlı yayım vasitəsilə izləyə biləcəyi qeyd olunub. Sayt ölkəmizdə atletlər və xarici qonaqlar üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, qonaqların oyunlardan əlavə , istirahətlərinin səmərəli təşkil edilməsi üçün ölkədə muzeylər, qalereyalar və digər mədəniyyət ocaqlarının gecə yarısına qədər fəaliyyət göstərəcəyini, həmçinin teatr və opera tamaşalarının mətnlərinin rus və incilis dillərində dinləmək imkanı yaradıldığını da qeyd edib. Məlumatlarda oyunlar ərzində ölkədəki təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olduğundan da bəhs edilir.
IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumatlar Çinin «Sinxua» agentliyi tərəfindən də hərtərəfli işıqlandırılır. Agentlik oyunların açılış mərasiminin təşkili üçün görülən tədbirlərdən, habelə xarici idmançı və oyunları izləmək üçün ölkəyə təşrif buyuran əcnəbi qonaqlara yaradılan şəraitdən ətraflı məlumat verir.




13:00 / 13.05.2017     Çap et  Çap et