Lider TV

KTMT-nin rəhbəri vəzifəsinə erməni general gətirildi


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə erməni generalının təyinatı Ermənistanın gəlcəyi üçün heç nə vəd etmir. Erməni ekspertləri bunun yalnız prosedur qayda daşıdığını və sözügedən qurumda həmişə olduğu kimi bundan sonra da Azərbaycanın maraqlarının nəzərə alınacağı qənaətindədirlər.
İrəvandakı Milli Strateji Araşdırmalar Mərkəzinin direktoru Manvel Sarkisyan deyib ki, Xaçaturovun KTMT-də baş katib olması bölgədə Rusiya və Azərbaycanın siyasi maraqlarına heç bir təsir göstərməyəcək. Çünki təşkilatda Rusiya, Qazaxstan və Belarus əsas söz sahibi olduğundan Ermənistan bu qurumdan yaxşı heç nə gözləməməlidir. Belarus və Qazaxstan prezidentlərinin Bakının mövqeyini inadla dəstəkləməsini, bunun qarşılığında Rusiyanın həmin ölkələrin davranışları üzərindən sükutla keçməsini xatırladan Sarkisyan Azərbaycanın təşkilata çox ciddi təzyiq edə biləcək zorunda olduğunu da vurğulayıb. Ekspert hətta Moskvanın belə KTMT-də Bakının maraqlarını gözardı edə bilmədiyini söyləyib. “Xaçaturov aprel döyüşlərində özünü çox pis apardı. Onun imzası ilə Moskvada Rusiya və Azərbaycan üçün sərfəli saziş əldə olundu. Xaçaturov yalnız Rusiyanın maraqları üzrə hərəkət edəcək” - deyən Manvel Sarkisyan onu da vurğulayıb ki, erməni cəmiyyəti də artıq Ermənistanın öz suverenlyini itirdiyinin fərqinə varmağa başlayıb. O erməni xalqının Ermənistanın Rusiyanın tərkib hissəsi olması ilə məcburən barışdığını da deyib. Sadlanan məqamlar ermənistanın Rusiyanın ən ucqar əyalətlərindən biri olduğunu sərgiləyir ki, bir neçə gün əvvəl bu reallığı Rusiyanın xarici işlər naziri Serqey Lavrov dolayısı ilə bir daha Sarkisyan hakimiyyətinin diqqətinə çatdırıb. Separatçı Abxaziyaya səfəri zamanı Lavrov Ermənistanı Rusiya ilə birləşdirmək üçün bu ərazidən keçən yeni dəmir yolunun tikintisi məsələsinə toxunub. Həmin layihənin reallaşdırılması isə faktiki olaraq, Moskvanın Ermənistanı tamamilə özününküləşdirməsi deməkdir. Diplomatik fənd vasitəsilə əslində Sergey Lavrov məhz bu həqiqəti dilə gətirib.




13:00 / 20.04.2017     Çap et  Çap et