Lider TV

Güclü külək fəsadlar yaradıb


Ötən gecə qərb bölgəsində güclü külək müşahidə olunub. Nəticədə Tovuz və Şəmkir rayonlarında bir sıra fəsadlar yaranıb. Qasırğa evlərin dam örtüklərini, istixanaları dağıtmaqla yanaşı, yanğına da səbəb olub. Tovuzda bir neçə evin hasarı və dam örtüyü uçub, rayon mərkəzindəki piyada keçidinin tavanı dağılıb. Güclü külək zamanı, həmçinin Tovuzun 10-a yaxın kəndinin elektrik enerjisi kəsilib. Yaşayış məntəqələrinə enerji verlişinin bərpa edilməsi istiqamətində işlər aparılır. Külək səbəbindən bu rayonda yanğın faktı da qeydə alınıb. Hadisə rayonun Sadəddin Məmmədov küçəsi - 3 ünvanında yaşayan Elmira Məmmədovaya məxsus yardımçı tikilidə baş verib. Alovla mübarizəyə Tovuz rayon yanğından mühafizə hissəsinin briqadası cəlb olunub. Yanğın söndürülüb. Yanğının elektrik naqillərində yaranan qısqapanmadan olduğu bildirilir. Qasırğa Şəmkir rayonun isə Muxtariyyə kəndində tərəvəz və bostan bitkilərinin becərildiyi istixanalara ziyan vurub. Külək istixanaların polietilin örtüklərini tamamilə yararsız hala salıb. Güclü külək Şəmkir rayonun elektrik təsərrüfatında da fəsadlara səbəb olub. Bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Görülən tədbirlər nəticəsində səhər saatlarında elektrik enerjisinin verilişi tam bərpa olunub. Hər iki rayonun fövqəladə hallar komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirir.

Nəzakət Ağayeva




19:00 / 28.03.2017     Çap et  Çap et