Lider TV

Mətbuat Şurası dəqiq informasiyalar yaymağı tövsiyə edir


Münaqişə zonasında yaranmış gərginliklə bağlı medianın da üzərinə ciddi məsuliyyət və vəzifə düşür. Belə həssas məqamda dəqiqləşdirilməmiş informasiyaların yayılması yolverilməzdir. Məsələ ilə bağlı Mətbuat Şurası xüsusilə internet informasiya resurslarına müraciət edib. Fevralın 24-dən 25-nə keçən gecə Ermənistanın təmas xəttində törətdiyi təxribatlarla bağlı dəqiqləşdirilməmiş, yalan informasiyalar yayılmaqdadır. Media rəhbərləri belə gərgin vəziyyətdə bu cür qeyri-peşəkar fəaliyyəti qəbuledilməz hesab edirlər. Bildirilir ki, hər hansı xəbəri yaymazdan öncə onun hansı nəticələrə gətirib çıxaracağını düşünmək lazımdır. Bu mənada həm jurnalistlər, həm də sosial şəbəkə istifadəçiləri cəbhə ilə bağlı məlumatlara xüsusi həssaslıqla yanaşmalıdırlar.
Media rəhbərləri bildirir ki, əslində guya operativlik naminə atılmış bu addımlar qeyri-peşəkarlıqla yanaşı, həm də düşmən təbliğatına xidmət etməkdir. Mətbuat Şurası isə xüsusilə media informasiya resurslarına və sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. Bildirilir ki, Ermənistan tərəfinin məqsədli şəkildə yaydığı video-görüntülər Azərbaycan cəmiyyətində gərginliyi artırmağa yönəlib. "Həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir” - deyə, Mətbuat Şurasının müraciətində qeyd olunur. Şura kütləvi informasiya vasitələrinə, kiv kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı tövsiyə edir.




19:00 / 28.02.2017     Çap et  Çap et