Lider TV

135 yaşlı «Kaspi» qəzeti


Azərbaycanın ən qədim mətbu orqanlarından biri olan «Kaspi» qəzetinin 135 yaşı tamam olur. “Kaspi” qəzeti fəaliyyətə başladığı dövrdən xalqın keçmişini, ictimai-siyasi, iqtisadi yaşantılarını özündə əks etdirib. Bu gün qocaman qəzet öz fəaliyyət istiqamətini daha da genişləndirir. «Kaspi» qəzeti 1881-ci ildən nəşr olunmağa başlayıb və 1919-cu ilədək müddətdə 10 min 65 sayı işıq üzü görüb. Qəzetin ilk 28 nömrəsi həftədə iki dəfə, sonra isə həftədə 3 dəfə çıxmağa başlayıb. 1884-cü ildən isə gündəlik qəzet kimi fəaliyyət göstərib. 1897-ci ildən qəzetin naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürüb və redaktorluq vəzifəsi Əlimərdan Bəy Topçubaşova tapşırılıb. Daha sonra qısa müddətdə qəzetin redaktorluğuna Əli Bəy Hüseynzadə təyin olunub. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən Bəy Zərdabinin rəhbərliyi ilə işıq üzü görüb. 1919-cu ildə fəaliyyətini dayandıran «Kaspi» 1999-cu yenidən dərc edilməyə başlayıb. Hazırda “Kaspi” gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. «Kaspi» qəzetinin 135 illiyi münasibətilə keçirilən yubileydə prezident administrasiyasının nümayəndəsi Vüqar Əliyev «Kaspi”-nin Azərbaycan mətbuat tarixini çiynində daşıyan orqanlardan biri olduğunu vurğulayıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə “Kaspi” qəzetinin öz ətrafında o dövrün ziyalılarını birləşdirdyini və xalqın problemlərini gündəmə gətirdiyini bildirib.




13:00 / 10.12.2016     Çap et  Çap et