Lider TV

31-ci Yay Olimpiya oyunlarına start verilir


Bu gün 2016-cı il Rio-De-Janeyro Yay Olimpiya oyunlarına rəsmən start veriləcək. Açılış mərasimi Bakı vaxtı ilə gecə saat 3-də baçlayacaq. 4 illiyin ən mötəbər turnirinə 206 ölkə və qaçqınlardan ibarət komanda qatılacaq. Braziliyada 11 minə yaxın idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq. Yarışlar "Marakana" stadionu, Sambodrom meydanı, Joao Avelanj adına Olimpiya stadionu, "Flamengo park" və bu kimi digər böyük arenalarda keçiriləcək. Olimpiadaya ən cox idmançıyla qatılan ölkə Amerika Birləşmiş Ştatlarının komandasıdır. Amerikalılar Rioya 550 nəfərlik heyyətlə təşrif buyurublar. Ən az təmsilçi isə Tuvaludan olacaq - 1 idmançı. Ölkəmizə gəldikdə isə Azərbaycan Olimpiadada 18 idman növü üzrə 56 atletə bel bağlayacaq. Rəsmi açılışın bu gecə olmasına baxmayaraq, futbolçular olimpiya çempionluğu uğrunda marafona başlayıblar. Bu axşam həmçinin kamandan oxatma yarışları da keçiriləcək. İdmançılarımızdan ilk olaraq Olqa Senyuk da məhz kamandan oxatma yarışlarıında qüvvəsini sınayacaq. Təmsilçimiz Bakı vaxtı ilə saat 20-dən etibarən hədəf önünə çıxacaq. Avqustun 6-dan isə digər idman növlərində mübarizəyə start veriləcək. Boksçularımızla cüdoçularımızın da ilk rəqibləri müəyyənləşib. Tatamiyə ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov qatılacaq. O, perulu Xuan Postiqosla üz-üzə gələcək. Tarixində ilk dəfə 4 illiyin ən möhtəşəm yarışında bütün komanda ilə təmsil olunan dəri əlcək ustalarımızdan isə rinqə hamıdan tez Teymur Məmmədov çıxacaq. 81 kq çəki dərəcəsində yarışan Olimpiya oyunlarının bürünc mükafatçısı avqustun 7-də ukraynalı Denis Solonenko ilə qarşılaşacaq. Bu arada, Azərbaycan millisinin ən yaşlı və ən gənc üzvü müəyyənləşib. Komandamızın ən gənc üzvü Nazim Babayevdir. Atletimiz Olimpiadanın startında 18 yaş 9 ay 28 günlük olacaq. Millimizin veteranı İnna Osipenko-Radomskayadır. Milliləşdirilmiş Kayakçı 33 yaş 10 ay 15 günlüyündə Rionun açılışına qatılacaq. Olimpiya oyunlarında iştirak edəcək 56 idmançımızın orta yaşı yarışların açılış gününə 26 il 9 ay 2 günə bərabərdir. Rio-2016-ya avqustun 21-də yekun vurulacaq.




13:00 / 05.08.2016     Çap et  Çap et