Lider TV

İŞİD-lə mübarizə üçün donanma göndərilir


Fransa İŞİD-lə mübarizə üçün donanma göndərir. Terrorçu qruplaşmanın liderlərindən biri Ömər Şişani isə Mosul yaxınlığında gedən döyüş zamanı məhv edilib. Şişaninin ölümü barədə məlumatı Türkiyə kütləvi informasiya vasitələri yayıb. Xəbəri terrorçu qruplaşmaya yaxın sayılan "Amakhaber" agentliyi də təsiqləyib. Qeyd edək ki, ABŞ rəsmiləri onun martın 4-də Suriyada İŞİD mövqelərinin bombalanması nəticəsində öldüyünü bildirib. Ömər Şişani İŞİD-in "Hərbi işlər üzrə naziri" sayılırmış. Onun əsl adı Tərxan Batiraşvilidir. İraqın şimalında İŞİD-ə qarşı gedən döyüşlər zamanı "Əl-Qadir" telekanalının operatoru Əli Mahmud həyatını itirib, onun "Əl-İrakiyyə" TV-dən olan həmkarları - Əli Cavad və Əli Möhsün yaralanıb.."Əl-Qadir" qeyd edib ki, Əli Mahmud Mosuldakı antiterror əməliyyatını işıqlandırarkən öldürülən ilk jurnalistdir. Qeyd edək ki, Mosul 2014-cü il iyunun 10-da döyüşsüz İŞİD-in nəzarəti altına keçib. Şəhərin 500 mindən çox əhalisi var. İŞİD bu şəhəri İraqın paytaxtı sayır. Bu arada Fransa İŞİD-lə mübarizədə hərbi-dəniz qüvvələrindən istifadə edəcək. Prezident Fransua Olland «Şarl de Qoll» aviadaşıyıcısının Yaxın Şərqə göndəriləcəyini açıqlayıb. Fransa Mosulun İŞİD-dən azad olunması üçün İraqa daha çox hərbi müşavir göndərmək niyyətindədir. «Bizə qarşı təşkil olunan terror aktlarına cavab verməliyik” deyə o, bildirib.




19:00 / 14.07.2016     Çap et  Çap et