Lider TV

Fransada Azərbaycanın dostları artır


Prezident İlham Əliyev Fransada Azərbaycanın dostları assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev parlamentlərarası əməkdaşlığın bu münasibətlərin genişləndirilməsindəki müsbət rolunu qeyd etdi. Dövlət başçısı ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat, yüksək texnologiyalar, ticarət, təhsil və digər sahələrdə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Dövlətlərarası əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən prezident İlham Əliyev bildirdi ki, indi əsas vəzifə Fransa ictimaiyyətini Azərbaycan reallıqları, ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı daha geniş məlumatlarla tanış etməkdir. Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan Fransua Mansel nümayəndə heyəti üzvlərinin Azərbaycana ilk dəfə səfər etdiklərini dedi. O, heyət üzvlərinin Azərbaycanla bağlı xoşa gəlməyən təşəbbüslərin qarşısını almaq üçün Milli Assambleyada səfərbər olduqlarını və artıq onların Azərbaycana olan dostluq hisslərini sübuta yetirdiklərini vurğuladı. Ölkəmizə səfərləri çərçivəsində “Azərbaycanı özün üçün kəşf et” proqramı hazırladıqlarını deyən Jan Fransua Mansel respublikamızda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bunun önəmini qeyd etdi. Jan Fransua Mansel Bakıda keçirilən «Formula-1» yarışlarına onların böyük maraq göstərdiklərini dedi. O, bu cür beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın zəngin təcrübəyə malik olmasının önəmini qeyd etdi.




19:00 / 17.06.2016     Çap et  Çap et