Lider TV

Yeni süni mayalanma kompleksi tikilir


Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzindən törədici cins heyvanların toxumunun alınmasına maraq artıb. Bu səbəbdən Göygöl rayonunda yeni süni mayalanma kompleksi tikilir. Yeni kompleks mal-qaranın cins tərkibini yaxşılaşdırmağa, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirməyə daha geniş imkanlar açacaq. Yerli heyvanlarda cırlaşmanın və məhsuldarlığın azalmasının qarşısını almaq üçün ən yaxışı vasitə süni mayalanma yolu ilə yeni cinslərin əldə olunmasıdır. 2009-cu ildə Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin yaradılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Mərkəzdə xarici ölkələrdən gətirilən cins buğa və kəllərdən törədici toxumlar alınır. İstehsal edilən toxumlar üç mərhələdə yoxlamadan keçərək 50 faizinin fəal olduğu təsdiqləndikdən sonra istifadəyə buraxılır.
Yerlərdə işin təşkili üçün 12 rayonda zona baytarlıq laboratoriyası, 62 rayonda isə süni mayalanma texnikləri fəaliyyət göstərir. Həm fərdi, həm də iri fermer təsərrüfatları süni mayalanma yolu ilə yeni cins ətlik və südlük heyvan yetişdirməyə maraqlıdır. Bu sahənin daha da inkişaf etdirilməsi üçün rayonda Cənubi Qafqazın ən böyük süni mayalanma mərkəzi inşa edilir. 10 hektar ərazini əhatə edən kompleks süni mayalanmanın müasir tələblərə uyğun aparılması üçün bir çox üstünlüklərə malik olacaq. İlkin mərhələdə burada 40 baş heyvan saxlanılması nəzərdə tutulub. Yeni kompleksdə istənilən mal-qara cinsini almaq üçün hər cür şərait yaradılacaq. Gələcəkdə ölkənin tələbatı tam ödənildikdən sonra burada qablaşdırılan cins toxumlar xarici bazara da çıxarılacaq.

Nəzakət Ağayeva




17:00 / 06.05.2016     Çap et  Çap et