Lider TV

Yunanıstanda tətildir


Yunanıstanda son 5 ilin ən böyük etiraz aksiyası keçirilir. Tətilçilər hökumətin qəbul etmək istədiyi pensiya və sosial sığorta islahatlarına etiraz edirlər.
Etiraz aksiyasında həkimlər, hüquqşünaslar, mühəndislər, vergi işçiləri, taksi sürücüləri, nəqliyyat şirkətlərinin əməkdaşları, dənizçilər iştirak edirlər. Məlumata görə, onların sayı 50 mini ötüb. Tətilə yanacaqdoldurma stansiyaları da qoşulublar.
Küçələrə çıxan etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis aksiyanı dağıtmaq üçün göz yaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları asayiş keşikçilərinə yandırıcı maddələrlə hücum ediblər.
Yunanıstanlı fermerlər isə artıq iki həftədir ölkənin əsas magistrallarını bağlayırlar. Ölkədə nəqliyyatın hərəkəti iflic olub. Yunanıstan hökuməti üçüncü yardım paketini almaq məqsədilə pensiya və sosial sığorta sistemində islahat aparmaq niyyətindədir. Pensiyaların azaldılması, sosial sığorta sisteminə əhali tərəfindən daha çox vəsaitin yerləşdirilməsi yeni islahatların tərkib hissəsini təşkil edir. Bu isə əhalinin narazılığına səbəb olub.




13:00 / 05.02.2016     Çap et  Çap et