Lider TV

Ermənistanın kəşfiyyat planının qarşısı alındı


Qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat planının qarşısı alınıb. Düşmənin hava məkanımıza göndərdiyi iki pilotsuz uçan aparatın ikisi də məhv edilib.
Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrda görüşəcəyi barədə xəbər yayılan kimi düşmən növbəti təxribata əl atdı. Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə göndərildi. Bölmələrimizin sayıqlığı düşmənin bu planının baş tutmasına imkan vermədi. Pilotsuz təyyarələr vaxtında aşkar olunaraq, açılan atəş nəticəsində məhv edildi. Hərbi ekspert Tərlan Eyvazov deyir ki, analoji hadisə artıq 4-cü dəfədir təkrarlanır. Əvvəllər də ermənilərin pilotsuz təyyarə vasitəsilə Azərbaycan tərəfində kəşfiyyat aparma cəhdləri baş tutmayıb. Uçan aparatlar dərhal vurularaq məhv edilib.
Qeyd edək ki, Ermənistandakı bəzi qüvvələr prezidentlərin görüşləri və həmsədrlərin regiona səfərləri öncəsi tez-tez belə təxribatlara əl atırlar. Bu dəfə də belə oldu. Azərbaycan və Ermənistan prezidentlərinin sentyabrda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-yorkda görüşməsi imkanlarını müzakirə etmək üçün Minsk qrupu həmsədrləri yaxın günlərdə regiona səfər etməyə hazırlaşırlar. Destruktiv siyasət yürüdən Rəsmi İrəvan müxtəlif vasitələrlə sülh danışıqları imkanlarını məhdudlaşdırmağa çalışır.




13:00 / 05.07.2015     Çap et  Çap et