Lider TV

Cüdoçuların mübarizəsi başa çatdı


Avropa Oyunlarının son günündə cüdoçuların mübarizəsinə komanda yarışları ilə yekun vurulub. Həm kişilərin, həm də qadınların mübarizəsində Fransa millisi ən güclü olub. Kişilər arasında cüdoçuların komanda yarışı səkkizdəbir final mərhələsindən start götürdü. İlk olaraq Ukrayna və Slovakiya təmsilçiləri tatami üzərinə çıxdılar. Ukrayna 3-2 hesabı ilə qalib gərək dördəbir finala yüksəldi. İspaniya və Çex Respublikası cüdoçularının qarşılaşmasından isə sonuncu qalib çıxdı. Çexiya təmsilçiləri böyük üstünlüklə qalib gəldilər. Dördəbir final mərhələsində Ukrayna millisinin qarşısını Rusiya komandası kəsdi. Ruslar maksimum nəticə göstərərək, yarımfinala adladılar. Mübarizəyə dördəbir final mərhələsindən qoşulan Fransa və Portuqaliya komandalarının qarşılaşmasında isə sevinən tərəf Fransa oldu. 4-0 Növbəti mərhələdə üz-üzə gələn Gürcüstan və Çexiya təmsilçilərinin qarşılaşması maraqlı mübarizə şəraitində baş tutdu. Daha güclü olan gürcülər yarımfinala yüksəldilər. Digər dörddəbir final görüşündə isə Macarıstan komandası Almaniyanı məğlub etdi. Finala gedən yolda Rusiya komandası Fransa ilə, Gürcüstan isə Macarıstanla qarşılaşdı. Sonda Fransa və Gürcüstan cüdoçuları finala çıxdılar. Fransalı cüdoçular finalda gürcülərdən daha üstün döyüş sərgilədilər. Fransa təmsilçiləri 4 çəki dərəcəsində gürcüstanlı rəqiblərini məğlub etdilər. Bu, fransızların Avropa Oyunlarının çempionu olması üçün kifayət etdi. Üçüncü yer uğrunda ilk qarşılaşmada Ukrayna Macarıstan komandasına şans vermədi. 3-2 hesablı qələbə bürünc medalı təmin etdi. Digər qarşılaşmada isə ruslar almanları məyus etdilər. Bərabər mübarizə şəraitində keçən qarşılaşmalarda Rusiya 3-2 hesablı qələbə qazanmaqla özü üçün bürünc medalı təmin etdi Qadın cüdoçuların komanda yarışları dördəbir final mərhələsindən start götürdü. İlkin qarşılaşmalardan sonra yarımfinalda Fransa Slovakiya ilə münasibətlərə aydınlıq gətirdi. Qarşılaşmada fransızlar qalib gələrək finala yüksəldilər. Qadınların mübarizəsində fransızlar finalda Almaniya cüdoçuları ilə üz-üzə gəldilər. Sevinən tərəf bu dəfə də Fransa oldu. 5 çəki dərəcəsindən dördündə üstün olan fransızlar çempionluğu bayram etdilər və «Bakı-2015»-in qızıl medallarına sahib oldular. İtaliya və Slovakiya komandaları isə bürünc medalla kifayətləndilər. Təsəlliverici görüşlərdə İtaliya Rusiya cüdoçularını, Slovakiya isə Macarıstan yığma komandasını məğlub edə bildi. Hər iki görüşdə 3-2 hesabı qeydə alındı. Bununla da, Avropa Oyunlarında cüdo yarışları başa çatdı. Nurlan Vilayətoğlu




21:00 / 28.06.2015     Çap et  Çap et