Lider TV

Yayın faydalı barı - gilənar…


Yay aylarında can sağlığının qeydinə qalanların üz tutduğu yer, sözsüz ki, bağlardır. İndi təsərrüfatcıl adamların meyvə bağlarında nə desən tapmaq olar. Yetişməkdə olan meyvələrin əksəriyyətinin isə orqanizmə nə qədər xeyirli olduğunu hamı bilir. Naxçıvanda bu ərəfədə ən çox istifadə edilən bir meyvə var…
Kimi ona albalı, kimi də vişnə deyir. Amma, əksər bölgələr kimi Naxçıvanda da birmənalı olaraq bu meyvəni gilənar adlandırırlar. Müxtəlif növləri isə onların yetişdiyi kəndlərin adı ilə - əngəmic, külüs gilənarı kimi tanınır. Quraqlığa davamlı, istənilən şəraitdə yetişən və çoxalan bu ağacdan, demək olar ki hər bir həyətdə var. 92 yaşlı Dilbər nənə yayda gilənardan müxtəlif məhsullar hazırlayır. Deyir, faydasına görə, digər meyvələrdən geri qalmır.
Gilənar ağacı 3-4 metr hündürlükdə olur. Yetkin ağac bəzən 15- 20 kiloqram meyvə verir. Gilənardan gözəl kompot, mürəbbə, gülqənd olur. Naxçıvan şəhər sakini Elçin Axundov isə mövsümdə gilənarın xüsusi içkisini hazırlayır. Alkoqollu olmasa da, ona gilənar şərabı deyir. Özü də bu içki böyrək və sidik yollarındakı daşları əritmək qüdrətinə malikdir.
Gilənarın turşusu da olur. Onu qurudub qışda sulu yeməklərdə iştahgətirici vasitə və suda qaynadaraq kisel kimi istifadə edirlər. Estetik baxımdan gözəl görünən gilənarı, hətta toylarda bəzək elementi kimi görə bilərsiniz. Yayda Naxçıvana gələn qonaqlara verilən gilənar salxımları isə ən yaxşı hədiyyə kimi qəbul edilir.
Gilənarı yığanda ehtiyatlı olmaq lazımdır. Yoxsa yetşmiş meyvələr adamın üzərinə düşür və köynəyində ləkə yaradır. Ona görə də onu mütləq saplaqlı yığmaq lazımdır. Gilənarın saplaqları da qurudularaq qarın ağrıları və şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi tətbiq edilir. Qaraciyərində problem olanlara da gilənardan istifadə etmək faydalıdır.
Səməd Canbaxşıyev




12:00 / 28.06.2015     Çap et  Çap et