Lider TV

Yarımfinal döyüşləri başlayır


Avropa Oyunlarının boks yarışlarında dörddəbir final mərhələsi yekunlaşıb. Bu mərhələdə rinqə çıxan son təmsilçilərimizdə döyüşdən qalib ayrılıblar. Yana Alekseyevna və Xeybula Musalov yarımfinala yüksələrək, özlərinə Avropa Oyunlarının medalını təmin ediblər. Axşam saatlarında isə iki təmsilçimiz yarımfinal mərhələsində mübarizəyə başlayacaq.
Qadınlar arasında 57-60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yana Alekseyevna dörddəbir final mərhələsində Rusiya təmsilçisi, dünya çempionu Zinaida Dobrınina ilə qarşılaşdı. Maraqlı mübarizə şəraitində keçən döyüşdə bütün raundlar təmsilçimizin qələbəsi ilə başa çatdı. Yana 3-0 hesablı qələbə ilə özü üçün Avropa Oyunlarının medalını təmin etdi. Yana finala gedən yolda İrlandiya təmsilçisi ilə qarşılaşacaq.
kişilər arasında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Xeybula Musalov da azarkeşləri sevindirdi. O, Belarus təmsilçisi Vitali Bandarenka ilə rinqə çıxdı. İlk dəqiqələrdən üstünlüyü ələ alan təmsilçimiz üzbəüz döyüşdən çəkinmədi və hesabı sonadək qoruya bildi. Zərbələri daha dəqiq olan boksçumuz 3-0 hesabı ilə inamlı qələbə qazanaraq, yarımfinala yüksəldi.
Xeybula növbəti mərhələdə Macarıstan təmsilçisi Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirəcək. Artıq bu gündən yarımfinal mərhələsinin ilk görüşləri keçiriləcək. Axşam saatlarında 56 kiloqram çəki dərəcəsində Tayfur Əliyev və 81 kiloqram çəki dərəcəsində Teymur Məmmədov finala çıxmaq uğrunda mübarizə aparacaq.

Nurlan Vilayətoğlu




17:00 / 24.06.2015     Çap et  Çap et