Lider TV

«Türk axını» reallıqdan uzaqlaşır


TAP və TANAP-a rəqib kimi göstərilən Rusiyanın «Türk axını» layihəsi haqda müsbət fikirlər səsləndirilmir. Bu layihənin gerçəkləşməsi ilə bağlı hələ də sualların çoxu açıq olaraq qalır. Hətta bəzi mənbələrin məlumatına görə, Türkiyə tərəfi «Türk axını»-ndan imtina etməyə hazırlaşır.
Türkiyə KİV-lərinin yaydığı xəbərə əsasən, rəsmi Ankara «Türk axını» ilə bağlı Rusiya ilə danışıqları dayandırır. Buna sübut kimi Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın Moskvaya əvvəlcədən razilaşdırılmış səfərinin qəfil təxirə salması göstərilir. Rəsmi Moskva Türkiyənin bu addımının gözlənilməz olduğunu gizlətmir. Və danışıqların uğurlu sonluqla nəticələnəcəyinə ümidini itirməyib. Rusiya mənbələri xəbər verir ki, rəsmi Ankara bu layihəyə dair əvvəl əldə edilmiş razılaşmalara sadiqdir və kəmərin Türkiyə hissəsinin marşrutu atrıq tərəflər arasında dəqiqləşdirilib. Hətta bir müddət öncə Rusiyanın energetika naziri Aleksandr Novakla onun yunan həmkarı panayotis lafazanis “Türk axını” qaz kəmərinin tikintisi və istismarı ilə bağlı memorandum da imzalayıblar. Yunan nazir Lafazanis isə bəyan edib ki, o, “Türk axını” kəmərinə regionda stabilləşdirici faktor kimi baxır. Ekspertlər hesab edir ki, Yunanıstanın bu layihəyə dəstək verməsi onun hazırkı durumu ilə heç də həmahənglik daşımır. Borc bataqlığında olan və beynəlxalq kreditorlarla anlaşa bilməyən Yunanıstanın solçu hökumətinin Rusiyanın "Türk axını" layihəsinə dəstəyi uzun sürməyəcək.
Yunanıstanın yeni hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan «DESFA» şirkətinin «SOCAR»-a satışına dair fikrini də dəyişib. Yunanıstan “DESFA”nın nəzarət səhm paketini Azərbaycan Dövlət Neft Şirkətinə satmaqdan imtina etib. Hansı ki, «SOCAR» bu şirkəti Azərbaycan qazının TAP kəməri ilə Avropaya nəqlində daha əlverişli mövqeyə malik olmaq üçün alırdı. Bütün bunlarla bərabər, Rusiya "Türk axını" kəmərinə dair Türkiyə ilə ikitərəfli razılaşmanın bu ayın sonuna qədər imzalanmasına israr edir. Hətta "Qazprom" imzalanmanı gözləmədən Qara dənizin dibindən kəmərin çəkilməsi üçün işlərə başlayıb. Lakin Türkiyədə hakim partiyanın iyunun 7-də keçirilən parlament seçkilərində təkbaşına iqtidarı itirməsi vəziyyəti bir qədər mürəkkəbləşdirib. Koalisyon hökumətin qurulmasi isə bir sıra manelər yaradır. Türkiyə KİV-lərinin yazdığına görə, hazırda hökumətdə hesab edirlər ki, "Türk axını" razılaşmasını yeni kabinetin öhdəsinə buraxmaq lazımdır. Çünki indiki müvəqqəti hökumət belə razılaşma imzalasa, bu müqavilə gələcəkdə şübhə altına alına bilər. Digər tərəfdən, mənbələr Azərbaycanın da layihədən narahat olduğunu və bunun Türkiyə rəsmilərinə çatdırıldığını deyir. Üstəlik ABŞ və Avropa İttifaqı “Türk axını”-na qarşıdır. Türkiyənin tərəddüdlərinə səbəb olan növbəti amil isə Rusiyanın bu ölkəyə satdığı qazın qiymətində gözlənilən səviyyədə endirim etməməsidir. Ümumilikdə, ekspertlər düşünürlər ki, «Türk axını» ilə bağlı bütün məsələlərə qarşıdakı üç ay ərzində aydınlıq gətiriləcək.




17:00 / 19.06.2015     Çap et  Çap et