Lider TV

Səhiyyə Nazirliyi gücləndirilimiş rejimdə işləyəcək


Möhtəşəm qitə yarışları zamanı daha bir qurum, Səhiyyə Nazirliyi də gücləndirilimiş rejimdə işləyəcək. Bunun üçün artıq xüsusi hazırlıqlar gedir. Paytaxtda iki xəstəxana idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün ayrılıb. Birinci Avropa Oyunları zamanı 1 saylı kliniki tibbi mərkəz oyunların baza xəstəxanası kimi təyin olunub. Yarışlar zamanı burada xüsusi şöbələr fəaliyyət göstərəcək. Səhhətində hər hansı bir problem olan idmançı və turist bu şöbələrdə müayinədən keçə biləcək.
Oyunlar zamanı xüsusi xidmət göstərəcək Bakı sağlamlıq mərkəzi isə artıq tibbi yardıma ehtiyacı olan şəxsləri qəbul etməyə hazırdır. Xəstəxananın altıncı mərtəbəsi turistlər və idmançılar üçün nəzərdə tutulub. Palatalarda hər cür şərait yaradılıb. Tibbi personal lazımi təlimlər keçib.
Təcili və təxirəsalınmaz tibbi yardım heyəti isə artıq hələ ötən ildən ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub. Həkimlər üçün ingilis dili kursları təşkil edilib. Yarışlarla əlaqədar artıq 100 yaxın təcili tibbi yardım maşını demək olar ki, tam hazır vəziyyətə gətirilib. Bu maşınlar əvvəlkilərdən fərqli olaraq daha müasir avadanlıqlarla təchiz olunub.
İdman qurğularında tibbi xidmət göstərmək üçün Səhiyyə Nazirliyi tərəfindən əlavə olaraq, 300 xüsusi işçi ayrılıb.
Aysel Nəbiyeva




13:00 / 19.05.2015     Çap et  Çap et