Lider TV

Mir Cəlal Paşayevin doğum günüdür


Dəyərli insanlar hər zaman böyük hörmət və ehtiramla xatırlanır. Nəsrimizin məşhur nümayəndələrindən olan görkəmli yazıçı, alim, ədəbiyyatşünas Mircəlal Paşayev də belə insanlardandır. Bu gün görkəmli alimin anadan olmasından 106 il ötür. 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanda anadan olan Mir Cəlal Paşayev ədəbi fəaliyyətə 20 yaşından başlayıb. Ədəbiyyatımıza «Bir gəncin manifesti» ilə möhürünü vuran tanınmış ədib «Dirilən adam», «Yaşıdlarım», «Təzə şəhər», «Yolumuz hayanadır» kimi romanların, yüzlərlə hekayələrin müəllifidir. Yazıçı, alim və müəllim. Yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində birləşdirən Mir Cəlalın, 20-ci əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı xüsusi xidmətləri danılmazdır. «Həyat həqiqətinə sadiqlik!» bu, Mir Cəlalın həqiqi vətəndaşlıq amalına çevrilmişdi. İnsanlıq üçün lazım olan ən saf xüsusiyyətlər onun şəxsiyyətində cəmləşmişdi. Yazıçının yaradıcılığında tarixin, dövrün, quruluşun bütün rəngləri öz əksini tapıb.
Onun yaradıcılığının ən üstün cəhətlərindən biri təmiz, şaqraq və büllur dilidir. Onun dili xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii olub. Yuxusuz gecələrin, gərgin zəhmətin bəhrəsi olan «Füzuli sənətkarlığı», «21-ci əsr Azərbaycan ədəbiyyatı» «Azərbaycanda ədəbi məktəblər», «Ədəbiyyatşünaslığın əsasları» adlı fundamental əsərləri elmimizin nadir nüsxələrindəndir.
O, ədəbi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyəti ilə də həmişə seçilib. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirən Mir Cəlal Paşayev 1947 ci ildə filologiya elmləri doktoru, bundan bir il sonra isə professor adını qazanıb. 1961 ci ildə Azərbaycan Dövlət Universitetində Azərbaycan ədədəbiyyatı kafedrasınının müdiri olub. Görkəmli yazıçının əsərləri bir çox dillərə tərcümə edilib. Ömrünün sonunadək müxtəlif mövzularda hekayələr yazan mir cəlalın Azərbaycan ədəbiyyatında roman janrının inkişafında da özünəməxsus xidmətləri var. Uzun illər keçməsinə baxmayaraq, ədibin sevilə–sevilə anılmasının səbəbi təkcə əsərləri deyil. Mircəlal Paşayev həm də nəcib, gözəl insani keyfiyyfətlərinə görə unudulmur.
Təranə Ziyadzadə




13:00 / 26.04.2014     Çap et  Çap et