Lider TV

Həmsədrlər nazirlərin görüşünü müzakirə edəcəklər


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2014-cü ildə ilk görüşünün formatı dəqiqləşdirilir. Yaxın günlərdə bu məqsədlə Cenevrədə ATƏT-in yeni sədri, İsveçrənin xarici işlər naziri Didye Bukhalter və Minsk qrupunun həmsədrləri arasında görüş keçiriləcək. Prezidentlərin görüşü isə nazirlərin danışıqlar gündəliyinin hazır olmasından asılıdır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yanvar ayının üçüncü həftəsində baş tuta bilər. Ermənistan mətbuatının yaydığı məlumata görə, danışıqların formatını müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və İsveçrə xarici işlər naziri Didye Bukhalter arasında yaxın günlərdə cenevrədə görüş keçiriləcək. Məlumatda həmçinin qeyd olunur ki, iki ölkənin prezidentləri - İlham Əliyev və Serj Sarqsyan arasında görüş isə danışıqların nəticəsindən asılı olaraq fevral ayından tez baş tutmayacaq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Birləşmiş Millətlər Təşkilatını da ciddi narahat edir. Qurumun Bakıdakı rezident - əlaqələndiricisi, səfir Antonius Brukko deyir ki, münaqişənin həllilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası vacibdir. Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda tezliklə sülhün bərqərar olunmasını istəyir.
Səfir Antonius Brukko deyir ki, BMT regionda sülhün bərqərar olması istiqamətində səylə çalışır və Azərbaycanın BMT Təhlükəiszlik Şurasının qeyri-daimi üzvü və sədri olduğu müddətdə də münaqişə humanitar konteksdə diqqətdə saxlanıb.
Bu arada, ATƏT-in yeni sədri, İsveçrənin xarici işlər naziri Didye Bukhalter bəyan edib ki, quruma sədrliyi dövründə münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli əsas prioritet olacaq. Yeni sədr həmsədrlərlə, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin təkrar görüşünün təşkilini müzakirə edəcəyini bildirib. Vasitəçilərsə bildiriblər ki, prezidentlərin görüşü nazirlərin danışıqlar gündəliyinin hazır olmasından asılıdır.




13:00 / 08.01.2014     Çap et  Çap et