Lider TV

«Qorxma, mən səninləyəm - 1919» filminin təqdimatı keçirilib


Heydər Əliyev Sarayında «Qorxma, mən səninləyəm -1919» bədii filminin təqdimatı keçirilib. Tədbirdə ölkənin birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse - prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Ötən əsrin 80-ci ilərində çəkilmiş «Qorxma, mən səninləyəm» bədii filminin davamı kimi çəkilən ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusmandır.
Ekran əsəri Azərbaycanfilm kinostudiyası və Rusiyanın «Vayt media» kino şirkətinin birgə istehsalıdır. Filmdəki intriqalar daha dramatik və təhlükəlidir. Söhbət yalnız qız qaçırılmasından yox, qara qüvvələrin Azərbaycanda demokratiyaya qarşı basqısından gedir. Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gəncin məhəbbəti də öz əksini tapıb. Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünki sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır.
Filmin ikinci hissəsinin çəkilməsini çoxdan arzulayan və bu istəyini 30 ildən sonra reallığa çevirdiyini deyən Yuli Qusman ekran əsərinin ərsəyə gəlməsinə verdiyi dəstəyə görə prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Rejissor filmin azərbaycanlıların necə qəhrəman, şən, musiqisevər bir xalq olduğunu göstərmək istəyi ilə lentə alındığını diqqətə çatdırıb. Çəkilişlərə yardım etdiyinə görə, yaradıcı heyət Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər. Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin sərəncamı ilə Yuli Qusmana verilən «Şöhrət» ordenini rejissora təqdim edib.




13:00 / 16.11.2013     Çap et  Çap et