Lider TV

BMT kimyəvi silahlarla bağlı hesabatı açıqladı


Türkiyə hərbi hava qüvvələri Suriyaya məxsus helikopteri vurub. Türkiyə hökumətinin məlumatına görə helikopter ölkənin hava sərhəddini pozduğuna görə vurulub. Bu arada BMT ekspertləri Suriyada kimyəvi silahın tətbiqinə dair faktı təsdiqləyiblər. «Hürriyyət» qəzetinin məlumatına görə Suriyaya məxsus helikopter çoxsaylı xəbərdarlıqlardan sonra vurulub. Suriya-Türkiyə sərhədində baş verən insidentlə bağlı Türkiyə baş nazirinin müavini Bülənt Arınç danışıb.
Suriya Baş Qərargah İdarəsi də Türkiyə tərəfindən helikopterin vurulmasını təsdiqləyib. Açıqlamada həqiqətən də Suriya helikopterinin hava məkanını pozduğu bildirilir. Belə ki, Suriyaya məxsus kəşfiyyat helikopteri Türkiyə sərhəddində gizlənən terrorçuları izləyərkən radarlardan itib. Yaranmış texniki nasazlıq səbəblərindən qısa müddət helikopter Türkiyə hava məkanına keçib. Türk hava qüvvələri tərəfindən vurulan helikopter Suriya ərazisinə düşüb. Suriyada araşdırma aparan BMT ekspertləri avqustun 21-də Quta rayonunda «Zarin» qazının tətbiq olunduğuna dair inandırıcı dəllilər tapıblar. Hesabat Təhlükəsizlik Şurasının qapalı iclasından sonra təşkilatın saytında yerləşdirilib. İclasdan sonra BMT-nin baş katibi Ban Ki Mun mətbuata açıqlama verib. O, hesabatın bütün üzv dövlətlərə göndərildiyini bildirib. Bmt missiyası tamamilə aydın və qərəzsiz şəkildə kimyəvi silahın həqiqətən Suriyada tətbiq olunduğu faktını təsdiqləyib.




09:00 / 17.09.2013     Çap et  Çap et