Lider TV

Sərxoş şəxs polisi və həmkəndlisini qətlə yetirib


Sabirabadda qətl hadisəsi törədilib. Rayon sakininin odlu silahdan açdığı atəş nəticəsində biri polis olmaqla 2 nəfər ölüb. Hadisə gecə saat 2 radələrində rayonun Xankeçən kəndində baş verib. Kənd sakini, 26 yaşlı Gülhüseyn Abıyev həmkəndlisi, 1960-cı il təvəllüdlü Azad Zeynalovu və ərazinin sahə müvəkkili 37 yaşlı leytenant Eldəniz Quliyevi ov tüfəngi ilə vurub. Polis zabiti hadisə yerində dünyasını dəyişib. Azad Zeynalov isə yaralı vəziyyətdə Salyan Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sabirabad rayon polis şöbəsinin rəisi Mübariz Quliyevdən aldığı məlumata görə, Gülhüseyn Abıyev qətli törədən zaman sərxoş olub. O, axşam toy məclisində birgə olduğu həmkəndlisi Azad Zeynalovla mübahisə edib. Evə gəldikdən sonra isə babasından qalan ov tüfəngini götürərək Azadgilin evinə gedib. Burada silahla hədələrə məruz qaldıqlarını görən zeynalovlar sahə müvəkkilinə müraciət edib. Leytenant Eldəniz Quliyev də hadisə yerinə gələrək odlu silahı Gülhüseynin əlindən almağa çalışan zaman birinci onu güllələyib. Cinayətkar daha sonra Azad Zeynalova atəş açıb. İki şəxsi qətlə yetirən Gülhüseyn Zeynalov artıq həbs olunub. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən leytenant Eldəniz Quliyev və hadisənin digər qurbanı Azad Zeynalov bu gün torpağa tapşırılıb. İlkin Zərbalıyev




19:00 / 31.08.2012     Çap et  Çap et