Lider TV

Voleybol üzrə qitəmiqyaslı «Çellenc kuboku» turnirinə yekun vuruldu


Voleybol üzrə qitəmiqyaslı «Çellenc kuboku» turnirinə yekun vuruldu. Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan təmsilçiləri «Bakı» və «Lokomotiv» arasındakı ikinci görüş də nəfəskəsən mübarizə ilə yadda qaldı.
Xatırladaq ki, martın 28-də keçirilən və «Bakı»-nın formal ev sahibi olduğu ilk oyunda «Lokomotiv» 3-2 hesabı ilə qalib gəldiyindən cavab görüşündə «Bakı» mütləq qələbə qazanmalı idi ki, matçın taleyini «qızıl set»-ə daşısın. Elə ilk hissənin gedişi də göstərdi ki, azarkeşləri kifayət qədər maraqlı mübarizə gözləyir. «Lokomotiv»-in 27-25 hesablı qələbəsinin ardınca «Bakı» toparlanaraq setlər nisbətini bərabərləşdirdi 25-19. Bundan sonra komandalar hərəyə daha bir seti öz xeyirlərinə başa vurdular. «Lokomotiv» 25-21, «Bakı» isə 25-20 hesabı ilə üstün oldu və bu matçın da taleyi tay-brekdə həll olundu. «Bakı»-nın xeyrinə qeydə alınan 15-13 hesabı ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa və çempionluğun «qızıl set»-də həll olunmasına şərait yaratdı. Amma sonda sevinən tərəf «Lokomotiv» oldu.
Komanda 15-13 hesabı ilə qələbə qazanmaqla 2-ci cəhddən «Çellenc kuboku»-nun qalibi adını qazandı. Məğlubiyyətə baxmayaraq debüt ilindəcə finala çıxan «Bakı» üçünsə mövsümün uğurla başa çatdığını demək olar.




19:00 / 02.04.2012     Çap et  Çap et