
“Biz Dağlıq Qarabağa fərqli yanaşan deyilik. Dnestrayanı, Abxaziya və Cənibi Osetiyaya olan yanaşma Dağlıq Qarabağa da tətbiq ediləcək. Yəni gələcəkdə də Azərbaycan ərazisi bizim efirdə Qarabağsız təqdim ediləcək”. Bunu «Life news» telekanalının baş redaktoru Anatoli Suleymanov «Lider» televiziyasına müsahibəsində bildirib. Aram Qabrielyanın baş direktoru olduğu Rusiya kanalı anti Azərbaycan siyasətini davam etdirir. Azərbaycan ərazisini təhrif edilmiş şəkildə təqdimatın kökündə nə dayanır və müvafiq qurumlar nə vaxt bu haqsızlığa etiraz bildirəcək? «Life news» kanalı hazırıladığı süjetdə işğal edilmiş əraziləri Azərbaycan torpaqları kimi təqdim etmir. Bir müddət əvvəl Azərbaycan mətbuatının bu haqqsızlığa etiraz etməsindən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi telekanalı qeyri peşəkarlıq və beynəlxalq hüquqa hörmətsizlikdə günahlandırmışdı. Amma nəticə dəyişmədi. Bunu kanal təhrif, günah, texniki qüsur yox, açıq aşkar siyasəti ilə bağlı odluğunu etiraf etdi. Başqa sözlə, etmişik, edirik və edəcəyik prinsipi…
«Ümumrusiya etnojurnalistlər konqressi»-nin sədri, soydaşımız Cəmil Sadıxbəyov «Life news»-un əsas göstərdiyi amilləri absurd sayır. O, hesab edir ki, sözügedən kanal jurnalistin qorumalı olduğu adi etik qaydaları pozub. İstər dövlət, istərsə də özəl kanal olsun, hamı üçün bir qayda var. Ərazi bütövlüyü, bayraq, gerb kimi atributlar dünya tərəfindən qəbul olunduğu şəkildə təqdim edilməlidir.
«Ümumrusiya etnojurnalistlər konqressi»-nin rəhbəri hesab edir ki, Türkiyə - Rusiya qarşıdurması fonunda bu kimi təqdimatlar təsadüfi xarakter daşımır. Məsələnin digər tərəfi isə qarşı tərəfin fəaliyyətsizliyidir. Azərbaycann Xarici İşlər Nazirliyi təhrif faktını beynəlxalq hüquqa hörmətsizlik və qeyripeşəkarlıq kimi qiymətləndirərək, müvafiq orqanları təlimatlandıracağı haqda bəyanat versə də, «Life news»-də bu bəyanat haqda ancaq «Lider» TV-nin müraciətindən sonra xəbər tutublar.
«Life news» kanalı rəhbərliyinin məntiqindən belə çıxır ki, əgər bu gün müstəqil İçkeriya Respublikası mövcud olsaydı, deməli Cövhər Dudayevin qurduğu dövlətı «Life news» Rusiya ərazisi kimi göstərməyəcəkdi. Hərçənd Anatoli Suleymanov bu suala cavab verərkən, dedi ki, heç vaxt onun kanalı İçkeriyaya müstəqil deməzdi. Baş redaktor Azərbaycanla kanalın şəxsi qərəzliyi olmadığını təkrarlasa da, təsisçisi Aram Qabrielyan olan «Life news»-da prinsiplərin kim tərəfindən və nə məqsədlərlə müəyyən edildiyini yəqin etmək olar.
Anar Həsənov
13:00 / 10.12.2015