/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Qərəzli qərar

Şriftin ölçüsü:  11px13px15px17px

İnformasiya agentlikləri Milli Televiziya və Radio Şurasının Lider televiziyasına xəbərdarlıq etməsi barədə məlumat yayıblar. Telekanalımızın nümayəndələrinin iştirakı olmadan keçirilən iclasda bizi zorakılığı təbliğ edən kadrlar yaymaqda ittiham ediblər. Aparıcının belə kadrların yayımlanacağı barədə xəbərdarlığını isə şuranın ekspertləri görmək istəməyiblər. APA informasiya agentliyinin saytda yerləşdirdiyi məlumatdan xəbər tutduq ki, Milli Televiziya və Radio Şurası iclas keçirib və Lider televiziyasına xəbərdarlıq edib. Səbəb də bu olub ki, «Seçim» verilişində zorakılıq kadrları yayımlanıb. Hamı bilir ki, zorakılıq pisdir və olmaz. Biz də tamaşaçıya bunu bir daha aşılamaq, zorakılığı pisləmək üçün verilişdə uşağı döyən dayə ilə bağlı materialı efirə verdik.
Zorakılığı necə pisləmək olar? Bunun üçün zorakılıq edənin qəddar, amansız, zorakılığa uğrayanın isə məzlum və zavallı olduğunu göstərməlisən. Bu, seçim yaradır: insanlar pisliyin nə və necə olduğunu görür, onu rədd edir, əzilənin tərəfini tuturlar. Yoxsa, bir anlıq təsəvvür edin: ekranlara bax, beləcə göy böşluq gəlir və arxadan bir səs öyüd-nəsihət verir: “Uşaqları döymək olmaaaaz!!!”
Belə televiziya olarmı? Əslində yox, amma Milli Teleradio Şurası hesab edir ki, televiziya məhz elə belə də olmaldır. Dayənin uşağı döyməsi kadrlarından sonra Şura Lider televiziyası rəsmilərinin iştirakı olmadan iclas keçirib və bizə efirdə zorakılıq göstərməklə bağlı xəbərdarlıq edib. Yaxşı, bəs zorakılıq nədir?
Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi anlayışa görə, zorakılq - özünə və başqalarına bilərəkdən ya fiziki, ya da mənəvi xətər yetirmək, hədələmək, təzyiq göstərməkdir. Bu mənada, düzdür, nümayiş etdirilən kadrlarda zorakılıq var idi. Amma bu, o deməkdirmi ki, biz onu göstərə bilmərik? Çünki bu cür yanaşsaq, məsələn, “Tom və Cerri” cizgi filmi başdan-ayağa zorakılıqla doludur.
Siçan yazıq pişiyin başına itin oyununu açır. Döyür, üstünə qaynar su tökür, quyruğunu kəsir, diri-diri yandırır, başına daş salır, üstünə it qısqırdır… Dəhşətli zorakılıqdır! Nə əcəb, Milli Teleradio Şurası buna hələ də dözür?
Ciddi danışsaq, əgər bu cür zorakılıq efirə verilməli deyilsə, onda ümumiyyətlə, televiziyaların işi dayanmalıdır. Çünki hər gün dünyada baş verən terror aktları, iğtişaşlar, kütləvi davalar… - bunların hamısı zorakılıqdır. Gərək heç kim Suriyadan materiallar hazırlamasın, İŞİD ilə bağlı xəbərlər yaymasın.
Bu cür kadrlar əslində bütün dünya kanallarında yayımlanır. Həmin kadrlardan bir neçə saniyə əvvəl ya ekranın küncünə yaş məhdudiyyətini göstərən informasiya çıxarılır, ya da aparıcı xüsusi olaraq xəbərdarlıq edir. Necə ki, «Seçim» verilişinin aparıcısı edib.
Deyəsən, Milli teleradio şurasının ekspertləri bu xəbərdarlığı ya görməyiblər, ya da görmək istəməyiblər. Və fürsət düşmüşkən özlərinin teleməkana nəzarətedici qurum funksiyasını nümayiş etdirməyə çalışıblar. Teleradio şurasının qərəzli olması elə çıxardığı qərarı xəbərdarlıq etdiyi telekanala deyil, informasiya agentliklərinə yaymasından da sezilir. Şuranın məqsədi doğrudan da teleməkanda qanun pozuntularının aradan qaldırılmasıdırsa, nədən xəbərdarlıq qərarı ilk olaraq, teleşirkətə göndərilmir? İclas bitər-bitməz qərarın bir nüsxəsi informasiya agentliklərinə ötürülür. Ortaya sual çıxır, Teleradio şurası birgə keyfiyyətli teleyayıma məsul qurumdur, yoxsa internet saytlarına xəbər sızdıraraq iş görüntüsü yaratmaqla işini bitmiş hesab edir. Əslində, bu, Şuranın irad xatirinə irad tutması ilə bağlı ilk hal deyil. Bir müddət əvvəl Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə birgə bizə irad tutmuşdular ki, «selfi» sözünü niyə işlətmisiniz? Biz də cavab verdik. Deyəsən, bu cavab Milli Teleradio Şurasına elə təsir göstərib ki, naşılıqlarını ört-basdır etmək üçün öz aləmlərində qisas almağa cəhd göstəriblər. Yaxşı olar ki, Şura işləmək görüntüsü yaratmaq əvəzinə, özü üçün zorakılığın nə olduğunu müəyyənləşdirməyə çalışsın. Yoxsa ki, nəzəri cəhətdən bayramda qurbanlıq kəsməkdən tutmuş, boks yarışına qədər hər şeydə zorakılıq var. Yaxşı ki, Milli teleradio şurası daha əvvəllər fəaliyyət göstərməyib. Yoxsa Milli qəhrəman Çingiz Mustafayevin Xocalı soyqırımı dəhşətlərini nümayiş etdirən kadrlarını da yayımlamağa qoymazdılar ki, orada uşaqlara qarşı vəhşilik var. Hörmətli teleradio şurası, o kadrlar çəkilib nümayiş etdirilməsəydi, Xocalı soyqırımının miqyası barədə necə xəbər tutacaqdıq, Xocalı soyqırımını dünyaya necə sübut edə bilərdik? Məhz, bu kadrlar sayəsində erməni vəhşiliyindən xəbər tutan gənc nəsil düşmənlə mübarizəyə kökləndi, düşməndən qisasını almaq üçün silaha sarılıb, torpaqlarının müdafiəsinə qalxdı. O kadrlar olmasaydı, düşmənlə mübarizə ağır proses olacaqdı. Və ya vaxtı ilə metroda və avtobusda törədilən terror aktlarının kadrları nümayiş etdirilməsəydi, o vəhşiliklərdən insanlar necə xəbər tutacaqdılar? Elə Xolokost faciəsinin miqyasından nümayiş etdirilən kadrlar, vəhşiliklərdən bəhs edən təbliğat materialları sayəsində dünyada xəbər tutdular. Bir dəhşətli olaydan xəbər tutmadan, onu görmədən onunla mübarizə aparmaq mümkün deyil.
Xocalıda ermənilər azərbaycanlı uşaqları öldürdülər, indi isə bu dayələr bizim uşaqları döyərək öldürürlər. Milli teleradio şurası isə, xəbərdarlıq edir ki, problemi göstərməyin. Onların anlayışına görə, dayələrin vəhşiliklərinə göz yumaraq, uşaqları müdafiəsiz qoymalıyıq. Hörmətli Milli televiziya və radio şurası, Lider televiziyası hər zaman öz işini görüntü yaratmaq xatirinə deyil, xalqın yanında olan peşəkar komanda kimi görüb, vətənpərvərliyi hər zaman üstün tutub. Bizi lider edən də hadisələrə obyektiv yanaşmamız, əyrini əyri, düzü düz göstərməmizdir. Telekanallara xəbərdarlıq etdikdən sonra məhkəmələrdə uduzan Milli teleradio şurası bunu yaxşı bilməlidir!!!

Vüsal Məmmədov

19:00 / 26.12.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 3900
Bu ay: 238805
Ümumi: 14373166
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın