
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlı müəyyən məqamlar aydınlaşıb. Bu barədə Rusiyaya, Küveytə və Qətərə səfərlərinin nəticələri barədə açıqlama verən türkiyə prezidenti danışıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfəri öncəsi 2 dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli problemini rusiyalı həmkarı Vladimir Putinlə görüşündə qaldıracağını demişdi. Lakin, Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi barədə məlumat verilmədi. Nəhayət, Rusiyaya, Küveytə və Qətərə səfərlərinin yekunları barədə danışan Rəcəb Tayyib Ərdoğan Ermənistana təsiri olan Rusiyanın rəhbəri Vladimir Putinlə bu problemi müazkirə etdiyini bildirib. Onun sözlərinə görə, 7 rayondan beşinin qaytarılması ilə bağlı əvvəllər qəbul olunan qərarların icra olunması zərurətini Ankara ilə Moskva anlayır. Putin bunun mümkün olduğunu hesab etsə də, elə də ümidli deyil. Ərdoğanın fikrincə, belə yanaşma münaqişə tərəfləri arasındakı münaisbətlərlə bağlıdır. Ekspertlərə görə belə yarı nikbin, yarı bədbin mövqe daha çox başqa səbəblərlə izah olunur. Bir məsələ tam aydındır ki, dünyanın güc mərkəzlərinin əli ilə erməni təcavüzü şəklində qızışdırılmış Dağlıq Qarabağ münaqişəsi hələ də onların geosiyasi ambisiyaları üzündən öz həllini tapmır. Məhz Cənubi Qafqazda öz nüfuzunu gücləndirməyə çalışan həmin qüvvələr yaranmış status-kvonu qoruyub-saxlamağa çalışırlar ki, bu da təcavüzkarı şirnikləndirmək deməkdir. Münaqişə tərəfləri arasındakı münasibətin əngəl olması barədəki deyilənlər isə bəhanədən başqa bir şey deyil.
13:00 / 17.11.2017