
“Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanlar daim həyatlarını itirirlər.” Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşündə belə deyib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlara toxunan Pakistanın ordu generalı bildirib ki, Dağlıq Qarabağ və Kəşmir məsələləri BMT-nin qəbul olunmuş qətnamələri əsasında həlli olunmalıdır. Zubair Mahmud Hayat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyini vurğulayıb. Görüşdə həmçinin, Azərbaycan və Pakistanın Silahlı Qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi də aparılıb.
13:00 / 16.11.2017