
Azərbaycanın yeritdiyi balanslı və çoxvetkorlu xarici siyasət ölkəmizin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Bu ilin 9 ayının sosial - iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə də aydın oldu ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi qəbul edilir.
İqtisadi sahədə qazanılan uğurlar, heç şübhəsiz, siyasi mövqelərin möhkəmlənməsini də şərtləndirir. Bu mənada prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin 9 ayın yekunlarına dair müşavirədə söylədiyi kimi, xarici əlaqələr çoxşaxəli olmaqla yanaşı, həm də açıq və müstəqildir ki, bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Və ən əsası, Azərbaycanın strateji məsələlərlə bağlı mövqeyi dünya birliyi tərəfindən də qəbul edilir.
Rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsilə bağlı sərgilədiyi qətiyyət hər il olduğu kimi, bu ilin 9 ayı ərzində də beynəlxalq tribunalardan açıq şəkildə bəyan edilib. Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqlar prosesində irəliləyişin olmamasına rəğmən, Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb.
Bu gün Azərbaycanın üstünlüyü həm də ondadır ki, danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Yəni, substantiv danışıqların tərəfdarı olan Azərbaycandan fərqli olaraq, Ermənistan bir növ dialoqa məcbur edilir.
Bu mənada Azərbaycan prezidentinin də söylədiyi kimi, bu il danışıqlar prosesində real nəticə əldə olunmasa da, Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında aciz, gücsüz, asılı ölkə kimi təqdim etmiş oldu. Bu da işğalçının diploomatik müstəvidə də manevr imkanlarının tükəndiyini deməyə əsas verir.
13:00 / 10.10.2017