
Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – «Formula-1» Azərbaycan qran-prisi uğurla başa çatdı. Paytaxtımız növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri «Formula-1» üzrə dünya çempionatının səkkizinci mərhələsinin - Azərbaycan qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular. «Formula-1» Azərbaycan qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı. Milli mədəniyyətimizi «Formula-1» dəyərləri ilə birləşdirən açılış mərasimi bir çox milli rəmzlərin vəhdətini yaratmaqla yüzlərlə könüllü, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət heyət tərəfindən təqdim edildi.
Teatrlaşdırılmış səhnələrlə müşayiət olunan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və ən əsası da xalqımızın əsrlərdən bəri qoruyub saxladığı simvollar dünya tamaşaçılarına canlı yayımda nümayiş etdirildi. Sonra Azərbaycan respublikasının dövlət himni səsləndirildi
Daha sonra formula-1 azərbaycan qran-prisinin final mərhələsinə start verildi.
«Formula-1» Azərbaycan qran-prisinin qalibi “Red bull racing” komandasının üzvü Daniel Rikkiardo oldu. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas çıxdı. Üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Sonda qaliblərə mükafatlar təqdim olundu. «Formula-1» Azərbaycan qran-prisinin çempionu Daniel Rikkiardoya kuboku Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təqdim etdi. Konstruktorlar kubokunu “Red bull racing” komandasının nümayəndəsinə birinci xanım Mehriban Əliyeva təqdim etdi. İkinci yerin sahibi “Mercedes”in pilotu Valtteri Bottasa kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Williams”ın sürücüsü Lans Strola isə mükafatı Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər. Bununla da «Formula-1» üzrə dünya çempionatının səkkizinci mərhələsi - Azərbaycan qran-prisi başa çatdı.
13:00 / 26.06.2017