
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ərazi bütövlüyü prinsipindən heç vaxt vaz keçməyəcək. Bu barədə jurnalistlərə açıqlamasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov açıqlama verib. Əli Həsənov həmçinin, Ermənistanın destruktiv mövqe sərgiləməsinin əsas səbəblərini də bildirib. Həmsədrlərin bölgəyə səfəri ərəfəsində cəbhə bölgəsində erməni tərəfinin təxribatlarının artması işğalçı dövlətin münaqişənin həlli istiqamətində destruktiv siyasətini bir daha ortaya qoyur. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi əli həsənov hesab edir ki, təcavüzkar dövlət belə addımlarla həm ölkə daxilində, həm də beynəlxalq aləmdə münaqişənin həlli istiqamətində diqqəti yayındırmağa çalışır.
İşğalçı dövlətin bu cür addımlarının cavabı həm döyüş meydanında, həm də diplomatik sahədə verilməkdədir. Bununla belə Azərbaycan məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Əli Həsənov əlavə edib ki, rəsmi bakının mövqeyi dəyişməzdir, münaqişə beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır.
Prezidentin köməkçisi sonda həmsədrlərin regiona səfərini dəyərləndirən zaman onu da əlavə edib ki, əvvəl axır tərəflər arasında ortaq mövqe əldə olunacaq. Yoxsa işğal olunmuş ərazilərin azad edilməsi vəzifəsi Azərbaycan ordusunun üzərinə düşəcək. Bu açıqlama bir daha göstərir ki, rəsmi Bakının konstruktiv mövqeyi Ermənistanın status-kvonu saxlamaq cəhdləri üçün əsla əsas verməməlidir.
19:00 / 19.06.2017