
Prezident İlham Əliyev Emmanuel Makronu Fransa prezidenti vəzifəsinə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Dövlət başçısı Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli əlaqələrə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inandığını bildirib. «Fransa regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədridir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcəkdir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır» - təbrikdə belə deyilir.
19:00 / 08.05.2017