
Birinci Avropa Oyunları ilə bağlı paytaxtımızda yaradılan «Rus azarkeşlər evi»-ndə Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovla görüş keçirilib. Mərasimdə onun qazandığı ilk qızıl medal nümayiş olunub. İdmançının yarışlarda əldə etdiyi nailiyyətlərdən danışılıb.
Olimpiya çempionu Nazim Hüseynov bu günlərdə çox sevinclidir. İlk Avropa Oyunlarının ölkəmizdə təşkili və idmançılarımızın yarışlarda qazandığı nailiyyətlər ona bu hissləri yaşadır. Elə rusiyalı media nümayəndələrinin suallarını cavablandırarkən Olimpiya çempionu bu barədə təəssüratlarını bölüşdü. Nazim Hüseynov, həmçinin bildirdi ki, hələ sovetlər dönəmindən rus və Azərbaycan idmanı paralel inkişaf edib və hazırda onun nəticələri Avropa Oyunlarında özünü göstərir. O, Azərbaycanın idman təmsilçilərindən daha yüksək nailiyyətlər gözlədiyini qeyd etdi. Nazim Hüseynov Azərbaycanın idman şərəfini müstəqilliyin ilk illərində qoruyub. O,1992-ci ildə Barselonada keçirilən 25-ci Yay Olimpiya Oyunlarının qızıl medalını ölkəmizə gətirib. Və bu Nazim Hüseynovun idman uğurlarının kuliminasiya nöqtəsi olub.
Görüşdə Nazim Hüseynov gələcək planlarından da söhbət açdı. Sən demə, Olimpiya çempionunun oğlu da atasının yolunu davam etdirir. Avropa Oyunlarında Nazim Hüseynovun yetişdirdiyi idmançılardan iştirak edəni olmasa da, məşqçisi olduğu oğlu İslam Oyunlarında Azərbaycanı təmsil edəcək.
Təranə Ziyadzadə
11:00 / 21.06.2015