
Birinci Avropa Oyunlarında qadınlar arasında şosse velosipedi üzrə mübarızə sona çatıb. Yarışın finişi xüsusilə maraqlı olub. Belaruslu velosipedçi son anda sürəti artıraraq, qızıl medalı əldə edib. Şosse velosipedi yarışına Azadlıq meydanından start verildi. Yarışda ölkəmizi Ülfət Nəzərli və Alyona Pavluxına təmsıl etdi.
Gərgin keçən mübarizə zamanı 16 idmançı yarışı dayandırdı. Onların arasında təmsilçimiz Ülfət Nəzərli də oldu. Digər idmançımız Alena Pavluxına isə sonadək yarışaraq 32-ci yerlə kifayətlənməli oldu.
Qələbə uğrunda mübarizə Niderland, Polşa və Belarus velosipedçiləri arasında baş tutdu. Son anlarda sürət yığan Belarus idmançısı Alyona Amialiusik rəqiblərini qabaqlaya bildi. O, 3 saat 20 dəqiqə 36 saniyəlik nəticə ilə Avropa Oyunlarının çempionu oldu. Polşa velosipedçisi finişə 2-ci, Niderland idmançısı isə 3-cü çatdı. İyunun 21-də isə kişilər arasında şosse velosipedi yarışları keçiriləcək.
21:00 / 20.06.2015