
Avropa Oyunlarında medal ümidlərimizdən olan Mariya Stadnik, etimadı doğrultmaqdadı. 48 kq çəki dərəcəsindəki təmsilçimiz ilk görüşdə portuqaliyalı Liliano dos Santosu 4-1 hesabı ilə üstələdi. Olimpiya Oyunlarının gümüş mükafatçısı 1/4 finalda fransalı Yulia Sabatie ilə qarşılaşdı. Bu dəfə də çətinlik çəkmədən qalib gələn Mariya, adını ən güclü dördlüyə yazdırdı. Yarımfinalda isə polşalı İvona Matkovskayanı döşək üzərinə çıxmağa peşman edən Stadnik finala yüksəldi. Dünya və Avropa Çempionumuz qızıl medal uğrunda bolqarıstanlı Elitsa Yankova ilə mübarizə aparacaq.
Ağırlığı 55 kq-dək olan idmançılarla yarişan Nataliya Sinişin 1/8 finalda italiyalı Patrizia Liuzziyə divan tutdu. Güləşçimiz daha sonra türkiyəli Bediha Günə eyni aqibəti yaşatdı. Lakin idmançımız uğurun davamını yarımfinalda gətirə bilmədi. Finalın bir addımlığında isveçli Sofia Mattssona uduzan Nataliya, bürünc medallar uğrunda yarışacaq. Onun rəqibi isə ukraynalı Tatyana Kit olacaq. Təəssüf ki, digər təmsilçilərimiz medal qazanmaq şanslarını erkən mərhələlərdə itirdilər. 60 kq çəki dərəcəsində Yuliya Ratkeviç 1/8 finalda bolqarıstanlı Taybe Yuseynə uduzdu. Rusiyalı Nataliya Vorobeva isə 69 kq-da Nadiya Muşkinanın yolunu kəsdi.
15:00 / 15.06.2015