
Lənkəranda bir su quyusu var. Kəndin yarısı son vaxtlara qədər bu quyunun suyundan istifadə edirmiş - sərinliyinə və dadına görə. Su mənbəyinin yerləşdiyi həyətin sakinləri bir səhər quyudan qaynar suyun çıxdığını görərək heyrətləniblər. Lənkəranın Səpnəkəran kənd sakini Məmmədağa Əliyev sözügedən quyunu1999-cu ildə qazdırıb. Quyunun suyu o qədər dadlı və sərin olub ki, qonum-qonşu hamısı ondan yararlanıb. Bu ilin avqust ayında bir səhər yuxudan ayılan ailə sudan istifadə etdikdə onun qaynar olduğunu hiss edib. Ev sahiblərinin sözlərinə görə, quyudan nasos vəsitəsilə çıxan suyun temperaturu 50 dərəcədən artıqdır. O gündən bu günə sakinlər içmək üçün bu sudan istifadə edə bilmirlər. Deyirlər, suyun temperaturu ilə yanaşı, tamı da dəyişib. Hətta onunla suvarılan meyvə ağacları quruyub. Əslində bu hal ailənin budcəsinə müsbət təsir göstərir. Hazırda mavi yanacağa və elektrik enerjisinə 50 faiz qənaət etdiklərini bildirirlər. Sakinləri narahat edən məsələ isə suyun keyfiyyətini öyrənə bilməmələridir. Mütəxəssislər deyirlər ki, suyun dəyişilməsinə səbəb yerin dərinliyindəki suxurlarda kimyəvi və biyokimyəvi eksotermik proseslərin baş verməsidir. Sözügedən reaksiyalar nəticəsində xeyli miqdarda istilik ayrılır ki, həmin istilik öz növbəsində torpağa və suxurlara hopmuş su kütləsinin qızmasına gətirib çıxarır. Qeyd edək ki, bu cür termal sulardan məişətdə, istehsalatda, mənzillərin, iş yerlərinin qızdırılmasında, müalicə mərkəzlərinin fəaliyyətidə istifadə olunur.
Vurğun Məmmədov
21:00 / 23.10.2017