
Türkiyədə dövlət çevrilişində şübhəli bilinənlərin həbsləri davam edir. İstanbulun keçmiş valisi də bu siyahıda yer alıb. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu açıqlamasında bildirib ki, dövlətə xəyanət edənlər Somalidə də hətta yaşaya bilməzlər. Çavuşoğlu Avropa ölkələrini də sərt tənqid edib. Onun sözlərinə görə, terrorçulara yardım etmək qoynunda ilan bəsləməyə bənzəyir. Nə vaxt sancacağı bəlli olmaz. Türkiyənin paytaxtı Ankarada demokratiyaya dəstək nümayişində vətəndaşlarla bir araya gələn Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Fətullah Gülənin dövlət çevrilişinə cəhddə əli olması ilə bağlı ABŞ-a bütün dəlilləri təqdim etdiklərini, axtarışda olan şəxslərin təslim edilməsi ilə bağlı iki ölkə arasında müvafiq razılaşmaların olduğunu bildirib. Çavuşoğlu qərb ölkələrini də terrorçuluğa dəstək verməkdə ittiham edib. Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələrindən çoxlu sayda PKK terrorçusunun təslim edilməsini istəyib. O, qeyd edib ki, Türkiyədə iş adamını qətlə yetirən terrorçular Belçikada rahat şəkildə gəzə bilirlər. Türkiyənin Xarici İşlər Naziri Avropa dövlətlərini öz ölkəsinə qarşı sadiq olmağa, ikili standartlardan uzaq dürmağa çağırıb. Onun sözlərinə görə, Türkiyənin qərb dövlətlərindən gözlədiyi budur. Çavuşoğlu həmçinin dövlət çevrilişi cəhdindən sonra ölkədən qaçanların nəyin bahasına olursa-olsun, Türkiyəyə gətiriləcəyini bildirib. Ölkədə isə həbslər davam edir. İstanbulun keçmiş valisi Hüseyn Avni Mutlu da həbs olunanlar siyahısında yer aldı. İstanbul ədliyyə məhkəməsinə gətirilən Hüseyn Avni Mutlu daxil olmaqla 8 vali, 1 vali köməkçisi və 3 icra nümayəndəsinin məhkəmə prosesi keçirilib. Onlar çevrilişə cəhd istintaqı çərçivəsində şübhəli bilinərək saxlanılıb. Məhkəmə şübhəlilərin FETO ilə əlaqələrinin olmasını əsas gətirərək onlar haqqında həbs qərarı verib. Türkiyənin Kayseri şəhərində isə 127 polis əməkdaşı saxlanılıb. Artıq onlar barəsində həbs qərarı qəbul edilib. Polis əməkdaşları arasında müxtəlif rütbələrə aid asayiş keşikçiləri var. Türkiyənin Dənizli vilayətində dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaqın gedişində vilayətin polis departamentinin daha 50 əməkdaşı işdən xaric edilib.
13:00 / 05.08.2016