
88 il sonra kubaya səfər edən ilk ABŞ prezidenti Barak Obama oldu. Obamanı səfərdə ailəsi- birinci xanım Mişel Obama və qızları da müşayiət ediblər. ABŞ prezidentini gətirən təyyarə Havana hava limanına eniş edib. Təyyarə hava limanına enər-enməz Obama rəsmi "Twitter" hesabında ispan dilində "Necəsən Kuba?" tviti paylaşıb. Daha sonra mesaj ingilis dilində belə davam edir: “İndicə endim. Kuba xalqı ilə bir araya gəlmək və onları dinləmək üçün səbirsizlənirəm". Kubaya tarixi səfərə gələn prezident Barak Obama ilk olaraq ABŞ-ın Havanadakı səfirliyində olub. Səfərini tarixi imkan kimi dəyərləndirən Obama bildirib ki, bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır. Səfirlik əməkdaşları ilə görüşdən sonra Barak Obama yağıntılı hava şəraitinə baxmayaraq havananın mərkəzi küçələrində gəzib. Obama və ailəsi şəhərin tarixi məkanlarında olub. Onlar ən qədim meydan olan Plasa-de-Arması ziyarət ediblər. Üçgünlük səfər çərcivəsində Barak Obama Raul Kastro ilə görüşəcək, Kuba və ABŞ beyzbol komandaları arasındakı yarışı izləyəcək, Kuba televiziyası vasitəsilə xalqa müracit edəcək. Obamanın səfərinə Havanada etiraz edənlər də olub. Kubada saxlanılan və 28 il həbs cəzası verilən siyasi məhkumların həyat yoldaşları ağ geyinərək kilsə qarşısında onların azadlığa buraxılmasını tələb ediblər. ABŞ preizdenti şəhərdə gəzdiyi üçün polis etrirazları dağıtmaq məcburiyyətində qalıb. Nəticədə qarşıdurma yaşanıb. ABŞ prezidenti postuna namizəd olan Donald Tramp isə Obamanın qarşılanmasından narazı qalıb. Onun fikrincə, Kubada ABŞ liderini lazımi səviyyədə qarşılamayıblar. "Raul Kastro Obamanı qarşılamağa belə gəlmədi. Roma papası və başqalarını isə o özü qarşılayıb. Obamaya hörmət yoxdur" deyə Trapm bildirib. Son dəfə bu ölkəyə 1928-ci ildə ABŞ-ın o zamankı prezidenti Kalvin Koolidge səfər edib. Havana hava limanında 1959-cu il inqilabından sonra ilk dəfə ABŞ bayrağı dalğalanıb. İki ölkə arasındakı diplomatik əlaqələr də məhz inqilabdan sonra daha da pisləşib. Tarixi səfər üç gün davam edəcək.
13:00 / 21.03.2016