
Rusiya paytaxtına rekord səviyyədə qar yağıb. Gecə ərazində Moskvaya aylıq normanın 70 faizindən çox yağıntı düşüb. Paytaxt aeroportlarında 100 aviareys təxirə salınıb. Yollarda tıxaclar yaranıb. ABŞ da isə yenidən tornado qeydə alınıb.
Dünən gecə saatlarından yağmağa başlayan qar 1966-cı ilin rekordunu təzələyib. Hidrometeoroloji mərkəzdən bildirilib ki, Moskvaya aylıq normanın 70 faizindən çox yağıntı düşüb. Qarın hündürlüyü bəzi yerlərdə 50 santimetrə bərabər olub. Nəticədə avtomobil yollarında uzun tıxaclar yaranıb. Güclü yağıntının düşməsi Moskvanın hava limanlarının fəaliyyətinə də təsir edib. Belə ki, paytaxt aeroportlarında 100 aviareys təxirə salınıb. Onlarla təyyarə reysində gecikmələr qeydə alınıb. Qarın təmizlənməsi üçün çoxlu sayda texnika cəlb olunub. Məlumata görə bu cür hava şəraiti hələ bir neçə gün davam edəcək.
ABŞ – ın bəzi ərazilərində də əlverişsiz hava şəraiti hökm sürür. Alabama ştatında tornado nəticəsində 4 nəfər xəsarət alıb. Təbii fəlakət səbəbindən bir neçə evə ziyan dəyib. Çoxlu sayda ağac kökündən çıxaraq yollara aşıb. Tornado elektrik xətlərinin də sıradan çıxmasına səbəb olub.
İndoneziya sahillərində 5,1 gücündə zəlzələ baş verib. Məlumatı ABŞ-ın geolojı xidməti yayıb. Yölən və yaralananlar barədə məlumat daxil olmayıb.
Peruda isə daşqınlar səngimək bilmir. Ölkənin ən iri şəhərlərindən olan arekipada güclü sel avtomobilləri yuyub aparıb. Leysan fasiləsiz olaraq 8 saat davam edib. Nticədə çaylar məcrasından çıxıb. Bir çox yerlərdə torpaq sürüşməsi qeydə alınıb. Dağlıq ərazilərdə yollar bağlanıb. 3 mindən çox insan evsiz qalıb.
Bu arada Qvatemalada «Fueqo» vulkanı püskürüb. Vulkan külünü 5 km hündürlüyə tullayıb. Fueqo ölkənin paytaxtından 50 km aralıda yerləşir. Mütəxəssislər yaxın saatlarda püskürmənin daha da güclənəcəyini istisna etmirlər. Qeyd edək ki, «Fueqo» qvatemalada olan ən fəal vulkanlardan sayılır. Bu ilin yanvar ayında vulkanın püskürməsi nəticəsində paytaxtda yerləşən Avrora Beynəlxalq Hava Limanı müvəqqəti olaraq bağlanmışdı.
19:00 / 02.03.2016