
Rusiyanın paytaxtı Moskvada yerləşən bir neçə iri ticarət mərkəzinndə olanlar evakuasiya ediliblər. Rusiya xəbər agentlikləri təxliyyənin partlayış qorxusu altında baş verdiyini bildirib. Naməlum şəxs polisə zəng edərək ticarət mərkəzlərinə partlayıcı qoyulduğu barədə xəbər verib. Hazırda ərazidə minaaxtaranlar, həmçinin kinoloqlar çalışır. Hazırda “Aşan” hipermarketlər şəbəkəsinin on bir mağazasında bomba axtarışları aparılır. Hüquq-mühafizə orqanları partlayıcı qoyulması barədə xəbəri verən şəxsi axtarırlar. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində təcili yardım maşınları və yanğınsöndürənlər növbə çəkir. Rusiya prezidenti Vladimir Putinin də administrasiyasında axtarış aparılır. Administrasiya binasında partlayıcı qurğunun olması barədə xəbərdarlıq daxil olub. Məlumata görə, hadisə yerinə müvafiq qurumların, o cümlədən federal təhlükəsizlik xidmətinin əməkdaşları gəliblər. Hələlik bu məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Bununla belə, hadisə yerinə yollanan müxtəlif kiv nümayəndələri bina ətrafında bəzi qurumların çoxlu sayda əməkdaşının və maşınların olduğunu yazır. Qeyd edək ki, analoji hadisə Moskvada fevralın 13-də də baş verib.
13:00 / 19.02.2016